• Təqvim

  • Maraq



Fərəhli kəndində yaşayan sakinlərlə səyyar görüş keçirilib

Müstəqil Azərbaycanın son 15 ildə keçdiyi inkişaf və yüksəliş yolu hər kəsə yaxşı məlumdur. Bu gün dövlətimiz və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında həmin inkişafa doğru uğurlu göstəricilərlə addımlayır. Ölkə başçısının ulu öndər Heydər Əliyevin cəsarətli və qətiyyətli siyasətini olduğu kimi davam etdirməsi, həyata keçirilən işlərin təməlində müstəqil Azərbaycanın inkişafının dayanması bir daha onu sübut edir ki, ölkəmiz güclü dövlət kimi bundan sonra da bütün dünyada öz sözünü deyəcəkdir.

Tam əminliklə söyləyə biləcəyimiz məqamlardan biri də odur ki, ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, tədbirlər, bir sözlə, aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, bölgələrimizdə də uğurla davam etdirilir. Ötən son iki il yarım ərzində Qazaxda aparılan abadlıq, tikinti-quruculuq işlərinin geniş miqyas alması, bundan əlavə, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə edilən uğurların, nailiyyətlərin gündən-günə artması bunun bariz nümunəsidir.

Bu gün Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaşlara göstərilən xidmət və onlara olan qayğıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər və bu görüşlərdə icra başçısının sakinlərin müraciətlərini dinləməsi, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşması vətəndaş amilinin ön plana çəkilməsi deməkdir. Bu qayğının nəticəsidir ki, Qazaxda rayon rəhbərinin sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə halını alıb.

İcra başçısı bu gün ümumilikdə altı dəfə olmaqla, rayonun sərhəd kəndi olan Fərəhlidə yaşayan sakinlərlə ikinci dəfə səyyar görüş keçirib.

Görüşdə RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Bayram ərəfəsində keçirilən səyyar görüşdə rayonumuzda, eləcə də kənddə görülən tikinti-quruculuq işlərindən, sosial-iqtisadi sahədə əldə edilən göstəricilərdən söz açılıb, qazanılan uğurlardan danışılıb, sakinləri narahat edən qayğılarla maraqlanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sakinləri salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Hər zaman olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir, – deyən rayon rəhbəri bildirib ki, səyyar görüşlər ölkə başçısının tapşırığına əsasən keçirilir. Bu cür səyyar görüşlər bir amala xidmət edir ki, onun da kökündə siz sakinlər və qayğılarınız dayanır. İcra başçısı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyini vurğulayaraq fəaliyyətə başladığı ilk gündən sakinlərin arasında olmağı, onları narahat edən qayğıları öz dillərindən eşitməyi qarşıya məqsəd qoyduğunu bildirib.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun da inkişaf etdiyini bildirən icra başçısı son iki il yarım ərzində bu inkişafın daha geniş vüsət aldığını bildirib. 2016, 2017-ci illərlə nisbətdə bu il rayonumuzda aparılan quruculuq işlərini müqayisə edən rayon rəhbəri istifadəyə verilən çoxsaylı sosial obyektlərin inşasından, yeni iş yerlərinin yaradılmasından, rayonun sosial-iqtisadi göstəricilərinin gündən-günə artmasından da söz açıb.

Bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın, - deyən icra başçısı bildirib ki, "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib və 150 nəfərin çalışması nəzərdə tutulub ki, bu da yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Rayon rəhbəri "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını və bütün müəssisələrdə avadanlıqların quraşdırıldığını bildirib.

Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazax rayonunda da uğurla icra olunduğunu qeyd edən icra başçısı bu sahədə məqsədyönlü işlərin görüldüyünü bildirib.

Respublika Prezidentinin 19 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmasını, həmin ilin oktyabrın 19-da isə cənab Prezidentin yeni avtomobil yolunun açılışında iştirak etməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.  Bundan əlavə, Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamın bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə böyük təkan verdiyini bildirib. Qeyd edib ki, imzalanmış həmin Sərəncamın nəticəsidir ki, bu gün Cəfərli kənd sakinləri yeni asfalt yoldan rahat şəkildə istifadə edə bilirlər. 

İcra başçısı bildirib ki, dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb. Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlərin ildən-ilə artmasının nəticəsidir ki, bu il Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsinin başa çatdığını qeyd edən rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi üçün bu kəndin də növbəti dövlət proqramına salınmasının nəzərdə tutulduğunu bildirib. Lakin buna baxmayaraq nəqliyyat vasitələrinin və sakinlərin gediş-gəlişini yaxşılaşdırmaq üçün kəndarası yollara qum-çınqıl töküldüyünü qeyd edib.


Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamını bu qayğının əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu Sərəncam bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edən rayon rəhbəri dövlətimizin təhsilə olan qayğısının bəhrəsi kimi dəyərləndirib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır.

İcra başçısı bildirib ki, ötən ay "Ölkəmizi tanıyaq” layihəsində qazaxlı məktəblilərin Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı bilik yarışmasından qalib kimi qayıtması bunu bir daha sübut etdi ki, təhsilə göstərilən qayğı öz bəhrəsini verir.  Qeyd edib ki, 9 rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsi, bundan əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələri təhsil sahəsinə göstərilən qayğıya əsl töhfədir.

Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının, Fərəhli kəndində də bağçanın olması üçün lazımi tədbirlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.

Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da torpaqlarımızın ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Rayon rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasının, yenilənməsinin, əsaslı şəkildə təmir edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.

İcra başçısı rayonumuza gələn qonaqların fəxr yerimiz olan bu müqəddəs məkana baş çəkdiyini, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad etdiklərini qeyd edib. Rayonumuzda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlamasını, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etməsini gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında atılan uğurlu addım kimi qiymətləndirib və böyük rol oynadığını vurğulayıb.

Fərəhli kəndinin də xeyli sayda şəhid verdiyini bildirən rayon rəhbəri bu kəndin oğlu olan Aprel şəhidimiz kapitan Mühüd Orucovun keçdiyi döyüş yolundan söz açaraq onun əziz xatirəsinin hər zaman yad olunduğunu, daim qəlblərdə yaşadığını bildirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında şəklinin əks olunduğu lövhənin vurulduğunu, yenə də şəhərin mərkəzində və doğulduğu kənddə adına bulaqlar tikildiyini diqqətə çatdırıb.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında bu gün görülən bütün işlər, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən bütün uğurlar bir amala və məqsədə xidmət edir ki, onun da kökündə vətəndaş amili dayanır. Hər bir iş vətəndaş üzərində qurulub və onların rifah halının yaxşılaşdırılmasına yönəlib.

Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Sərəncamını bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirən rayon rəhbəri əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addım olduğunu bildirib.

İcra başçısı rayonda mövsümlə əlaqədar olaraq istər elektrik enerjisinin gərginliyinin, istərsə də qazın təzyiqinin normal səviyyədə olması üçün məqsədyönlü işlər görüldüyünü və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, rayonda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür ki, bunlardan biri də müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin çəkilməsi, SİP kabelləşmə işinin aparılmasıdır. Bu gün sərhəd kəndlərindən olan Məzəm, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində bu işin başa çatdığını, Fərəhli kəndində isə davam etdiyini bildirib.

Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il yarım ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur. 2016-cı ildə əkin sahəsi 16520,6 hektar olmuşdursa, 2019-cu ildə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Rayon rəhbəri bildirib ki, digər kəndlərdə olduğu kimi, Fərəhli kəndində əkin sahələri ildən-ilə genişləndirilir. Əgər 2018-ci ildə kənddə 530,2 hektar sahədə əkin aparılmışdırsa, bu il 564 hektarda nəzərdə tutulub. Bu günə kimi 480 hektar torpaq sahəsi şumlanmışdır. 101 hektar sahədə buğda, 345 hektar sahədə arpa olmaqla, 446 hektar sahədə səpin aparılmışdır.

Rayonumuzda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində görülən işlərin Fərəhli kəndində də uğurla həyata keçirildiyini bildirən icra başçısı bu il kənddə 4 hektar ərazidə tütün əkildiyini bildirib. Həmin hektardan 6,533 ton məhsul təhvil verildiyini qeyd edib.

nd sakinlərindən - Fərəhli kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Məmmədova, tarix-coğrafiya müəllimi Alı Həsənov, Mustafa Abdullayev, Nürəddin Məmmədov, Bafadar Məmmədov, Nigar Mustafayeva, Svet Məmmədova, Ziyaddın Məmmədov və başqaları çıxış edərək qeyd ediblər ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq və bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlər isə göz qabağındadır. İstər respublikamızda, istərsə də rayonumuzda olan bu inkişafı yüksək qiymətləndirən kənd sakinləri buna görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Çıxış edən sakinlər ötən müddət ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Digər kəndlərdə olduğu kimi, Fərəhli kəndində də abadlıq işlərinin aparıldığını bildirərək, xüsusilə kəndarası yollara qum-çınqıl döşənməsinə, kənddə marşurut məsələsinin həll olunmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Keçirilən səyyar görüşü yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bir daha bütün kənd sakinlərini qarşıdan gələn yeni il münasibətilə təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi, gündən-günə inkişaf etməsi naminə yeni-yeni nailiyyətlər qazanmağı arzulayıb. Rayon rəhbəri bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi bundan sonra da həmin təməl üzərində quraraq uğurla həyata keçirəcəyik.











GOYEZEN.AZ



Facebook-da paylaş