Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib
Bu gün
Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış, xalqın
istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli
Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə aparatın məsul işçiləri,
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri,
ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir
iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik
edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, 30 il bundan əvvəl, 1988-ci il
noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa
qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu,
ümummilli lideri Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi
azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə
xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi
uğrunda mübarizəsinə başçılıq edirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist
Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər
Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə
sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı. Sessiya muxtar
respublikanın adından "Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar
qəbul etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral
1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik
uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı. Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək
"Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı
kimi təsdiq olundu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə
siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş
müharibəsinin qarşısını aldı. Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın
müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı
xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını
qoydu. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi
olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və
yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm"
kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli lider Heydər
Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa
çevirmişdir. Onun əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan
dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi
üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə malik Heydər Əliyevin
sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi
yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın
təntənəsi olan həmin tarixi meydan hərakatından 30 il keçir. Bu qısa zaman kəsiyinə
nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə
bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır. Ötən
müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz
qabağındadır. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın
inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən
ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri
hər birimizin gözü önündə canlanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı
strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam
etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə
malik siyasi davamçı və lider yetişdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya
birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı
lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin
davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu
quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firəvan yaşayışının etibarlı şəkildə
təmin edilməsinə nail olundu. Bu gün Azərbaycan
Respublikasında hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən
həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri
təşkil edir. Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş
verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən
beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti
gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin
xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün
bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran
ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər
makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına,
əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən,
bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat
sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli
yaxşılaşdırılmasına nail olmaqdır. Son 15 ildə əmək haqlarının, pensiyaların, təqaüdlərin,
sosial müavinətlərin dəfələrlə artması və işsizlik probleminin getdikcə aradan
qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin
sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında
duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə
yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini vacib vəzifə
kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti
İlham Əliyev cənabları qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən
yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Ölkə başçısı İlham
Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür və
bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir. Sonra mövzu ətrafında RİHB Aparatının baş məsləhətçisi
Vəfa Cəbiyeva, Rayon Suvarma Sistemləri İdarəsinin
rəisi Abbas Göyüşov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Tərlan
Bədəlova, Təhsil
şöbəsində aparıcı məsləhətçi Əziz Məmmədov çıxış edərəkMilli Dirçəliş Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib, ötən müddət ərzində ölkəmizin qazandığı uğurlardan
söz açıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun
vuraraq Azərbaycan xalqını və rayon sakinlərini bu əlamətdar gün münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, gələcək
işlərində uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş