Qazaxda taxıl səpini sürətlə davam edir
Azərbaycanda iqtisadiyyatın qeyri-neft
sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir.
Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin
olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını
əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda
infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam
edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti
sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük
pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun
azaldılmasına əsaslı təsir edən sektordur. Qazax rayonunda da Respublika Prezidenti İlham Əliyevin ölkədə qeyri-neft
sektorunun inkişafı, kənd təsərrüfatlarına yararlı əkin sahələrinin
genişləndirilməsi, keyfiyyətli şum, əkin-səpin işlərinin aparılması və
məhsuldar toxum sortlarının əldə olunması sahəsində tapşırıq və tövsiyələri
uğurla həyata keçirilir. Dövlət
tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin
olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il
daha çox maraq göstərirlər. Hər il rayonda
əkin aparılmış taxıl sahələri artan templə yüksəlir. 2016-cı ildə 7820 hektar
taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil
etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda,
2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu
nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və
12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa
əkilmişdir. 2019-cu ildə də
taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400
hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda
2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 10805
hektar sahədə şumlanma aparılmış, 2105,5 hektar buğda, 2143 hektar arpa
olmaqla, cəmi 4248,5 hektarda taxıl səpilmişdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov
Aslanbəyli kəndində taxıl səpilən sahədə olub, görülən işərin gedişi ilə
maraqlanıblar. Məlumat verilib ki, bu il Aslanbəyli
kəndində 1400 hektarda taxıl səpini nəzərdə tutulmuşdur ki, bunun da 900
hektarını buğda, 500 hektarını isə arpa təşkil edir. Qeyd olunub ki, bu günə
kimi səpin aparılması nəzərdə tutulan 1400 hektardan 1090 hektarında şum
aparılmışdır. Rayon rəhbərliyinə bildirilib ki,
taxıl səpininə ilk gündən böyük sürətlə start verilib. 166 hektar buğda, 291
hektar arpa olmaqla, 457 hektar sahədə taxıl səpilmişdir. Qeyd olunub ki, bundan başqa, taxıl səpini aparılmış sahələrdə suvarma və
ziyanvericilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir. Rayon rəhbəri taxıl səpininin vaxtında başa çatdırılması istiqamətində
tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş