İcra başçısı təmirə ehtiyacı olan bağçadakı mövcud vəziyyətlə tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk gündən diqqət ayırdığı sahələrdən biri də azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və təlim-tərbiyə olunması üçün bir-birindən gözəl bağçaların tikilməsidir. Rayon rəhbərinin Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı əsas tutaraq rayonda yeni bağça binalarının tikilməsi və yaxud da əsaslı şəkildə təmir olunması, bağçaların müasir inventar və avadanlıqlarla təchiz edilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir.
Bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Son iki il yarım ərzində rayonda olan təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir. Təkcə bu il 6 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 və 3 saylı, bu gün açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu sahənin daim diqqət mərkəzində olması deməkdir.
İcra başçısı bu gün İkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, bağça istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşdüyündən bağçanın əsaslı şəkildə təmirinə böyük ehtiyac vardır.
İcra başçısı şəraitlə yaxından tanış olduqdan sonra bu bağçanın da növbəti ildə əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş