Qazaxda 35 uşaq yerlik İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub
Bu gün genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı Qazax rayonunda
azyaşlı körpələrə göstərilən qayğı da daim diqqət mərkəzindədir. Bunu Respublika
Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı
12 fevral 2018-ci il tarixli Sərəncamın rayonda uğurla icra olunmasından da
aydın şəkildə görmək olar. Belə ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun
olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan
bağçalarda təlim-tərbiyə olunması yüksək səviyyədə təmin edilir. Bunun üçün
rayonda yeni bağça binaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunur, bağçalar
müasir inventar və avadanlıqlarla təchiz edilir. Bir sözlə, körpələr üçün hər
cür yüksək şərait yaradılır. Son iki il
yarım ərzində rayonda olan təmirli
şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində
məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş
Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr
evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq
bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir. Rayonun İkinci
Şıxlı kəndində əsaslı şəkildə yenidən qurulan 35 uşaq yerlik 2 saylı körpələr
evi-uşaq bağçası da ölkə başçısının imzaladığı Sərəncamın Qazax rayonunda
olduğu kimi icra edilməsi deməkdir. Eyni zamanda, rayonda uşaqlarla bağlı
sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Bu gün əsaslı şəkildə yenidən qurulan və
müasir standartlara cavab verən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı
aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça
müdirləri, kənd sakinləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi
münasibətilə valideynləri, bağçanın kollektivini və bütün kənd sakinlərini təbrik
edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün rayonun ən ucqar kəndlərindən
biri olan, Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kəndində açılışını
etdiyimiz bu yeni bağça istər müəllimlərə, istər valideynlərə, istərsə də körpə
balalara verilən ən böyük hədiyyədir. İcra başçısı bildirib ki, bu gün ölkəmizdə
Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin "Təhsil
millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların
istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin
başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu
sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən
də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi
tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata
keçirilir. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən qarşıma
məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunmalı və
bağçalarda hər cür şərait yaradılmalıdır. Çünki bizim fidan balalarımız hər
şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə
işlərə başladıq və uğurla da davam etdiririk. Tam əminliklə deyə bilərik ki, rayon
üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Təkcə bu il
6 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 saylı, 3 saylı və bu gün
açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası tam müasir tələblərə cavab verən
bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə
olan bağçalardan heç nəyi ilə geri qalmır. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq
bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində
2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin
hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə
deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və
qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq təminatından, istərsə
də yaradılan şəraitdən də aydın şəkildə görmək olar. Sonda Rəcəb Babaşov bir daha bağça
kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb. Tədbirdə iştirak edən kənd ağsaqqalı Abbas Cümənov, Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz
Abdullayev, Yuxarı Salahlı kənd həkim məntəqəsinin
baş həkimi Şəadət Əliyev, 3 saylı körpələr evi-uşaq bağçasının müdiri
Asya Alhüseynova, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quluyeva, 107 saylı DSK-nın sədri, kənd sakini Xəyyam Salehov,
İkinci Şıxlı bələdiyyəsinin sədri Fikrət Talıbov, AYB-nin üzvü, şairə Tamella
Poladlı çıxış edərək ölkəmizdə,
eləcə də rayonumuzda uşaqlara göstərilən qayğıdan söz açıblar. Qeyd ediblər ki,
Azərbaycanda cəmiyyətin ən zərif və kövrək nümayəndələri olan uşaqlara daim
xüsusi diqqət, qayğı və nəvaziş göstərilir. Onların sağlam doğulub böyümələri
üçün hər cür şərait yaradılır. Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı əsasını
qoyduğu dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Qazaxda isə uşaqlarla bağlı bu siyasətin uğurla davam etdirilməsini
bu gün rayon rəhbəri Rəcəb Babaşovun simasında aydın şəkildə görürük. Çünki o,
icra başçısı kimi fəaliyyətə başladığı ilk gündən körpələrə qayğı ilə yanaşır,
onları öz doğma nəvələri kimi bağrına basır, qayğıları ilə maraqlanır. Bu gün
valideynlər, xüsusilə də nənə və babalar sevinir ki, körpə balalara bu cür nəvaziş
göstərilir. Çıxış edənlər də öz növbələrində bütün bunlara, xüsusən də
ziyalılar diyarı İkinci Şıxlı kəndində bu gözəl bağçanın tikilməsinə görə başda
Respublika Prezdenti İlham Əliyev olmaqla Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova, bütün əməyi keçən insanlara öz dərin minnətdarlıqlarını
bildiriblər. Rayonumuzda bu cür bağça açılışlarının davamlı olmasını arzu ediblər. Qarabağ
Müharibəsi Veteranı Qurban Mikayılov, şəhid anası İndira Mədətova Qazax rayonunda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların
ailə üzvlərinə olan qayğının hər zaman yüksək səviyyədə olduğunu bildiriblər. Fəaliyyətə
başladığı ilk gündən rayon rəhbərinin şəhidlərimizin ailə üzvlərinə daim qayğı
ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından,
əsaslı şəkildə təmir edilməsindən söz açıblar. Rayonun bütün kəndləri ilə
yanaşı, şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işlərini,
285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulmasını bu istiqamətdə
görülən əməli işlərin göstəricisi kimi qiymətləndiriblər. Bütün bunlarla
yanaşı, rayon rəhbərinin uşaqlara olan qayğısını, diqqətini, körpə balalara
olan sonsuz sevgisini yüksək dəyərləndirərək
minnətdarlıqlarını ifadə ediblər. Yeni istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının
müdiri Lalə Qurbanova çıxış edərək bildirib ki, əvvəl biz təmir olunan
digər bağçalara baxıb həsəd aparırdıq ki, bizim nə vaxt belə bağçamız olacaq. 2
aydan artıq bağçamızda əsaslı şəkildə yenidənqurma işləri aparıldı və gələcəyimiz
olan körpələr üçün hər cür şərait yaradıldı. Bəli, bu gün biz də öz bağçamıza
baxıb qürur hissi keçiririk. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və
sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv və valideynlər adından dərin
minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və
onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib. Sonra uşaq bağçası binasının rəmzi açılışını
bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir
olunan bağça ilə tanış olublar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait
tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Məlumat üçün
qeyd edək ki, istifadəyə verilən 35 uşaq yerlik yeni bağçada 1 böyük və 1 kiçik
olmaqla 2 qrup fəaliyyət göstərəcəkdir. Bağçada yüksək səviyyədə müdir otağı, anbar,
mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən
biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş həyətə malik
olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və
dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri
üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə
almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz
olunub. GOYEZEN.AZ
Facebook-da paylaş