Səyyar “ASAN qatar” Qazaxda körpələrə şəxsiyyət vəsiqələrini təqdim edib
Xəbər
verdiyimiz kimi, sentyabr ayının 3-dən etibarən Səyyar "ASAN qatar” Qazax
şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə
yüksək səviyyədə xidmət göstərməyə başlayıb. Ötən həftə isə səyyar
xidmətin nümayəndələri rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr
evi-uşaq bağçası, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr
evi-uşaq bağçasında tərbiyə alan uşaqlara xidmət göstərmişdi. Ödənişsiz
olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün uşaqlardan qan analizi
götürümüş və sənədləri qəbul edilmişdi. Bu gün həmin şəxsiyyət vəsiqələri öz sahiblərinə
təqdim edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar "ASAN qatar”ın nümayəndələri
ilə birlikdə şəxsiyyət vəsiqələrinin verilməsi mərasimində iştirak edib.
Rayon rəhbəri
mərasimdə çıxış edərək Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların
rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti yüksək qiymətləndirib.
Qeyd edib ki, bu gün sevindirici haldır ki, ölkə başçısı tərəfindən yaradılan "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brenddir. İnkişaf etmiş ölkələr belə "ASAN xidmət”in fəaliyyətindən bəhrələnir,
bu sahədə əldə olunan nailiyyətləri öz ölkələrində nümunə kimi göstərirlər.
İcra
başçısı bildirib ki, vətəndaşların rahatlığının təmin olunması istiqamətində
bir ilkə imza atan Azərbaycanda vətəndaş amili həmişə ön planda olub. İki il öncə
yaradılan bu xidmətin gördüyü işlər, vətəndaşlara göstərdiyi yüksək xidmət bunu
söyləməyə əsas verir. Bu gün körpə fidanlara ödənişsiz olaraq şəxsiyyət vəsiqələrinin
verilməsi dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə
göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
İcra başçısı bildirib ki,
fəaliyyətə başladığım ilk gündən bütün uşaqları öz nəvəm qədər sevir və
əzizləyirəm. Bağçalara xüsusi diqqət ayırmağımın da əsas məqsədi odur ki,
uşaqlar gözəl şəraiti olan bağçalarda tərbiyə olunsunlar. Çünki bizim fidan
balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki,
biz bu istiqamətdə görülən işlərə uğurla başladıq və artan templə davam
etdiririk. Bunu rayonda
olan tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün
salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının,
şəhər bağçalarından 1, 2 və 3 saylı, kənd bağçalarından - Daş Salahlı kənd 2 və
3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları,
Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının timsalında
aydın şəkildə görmək olar. Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr
evi-uşaq bağçasında və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında
da əsaslı təmir işləri uğurla davam etdirilir. Bundan sonra çalışacağıq ki, bu
ilin sonuna kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun.
Rayon rəhbəri
sonda şəxsiyyət vəsiqəsi alan uşaqları, onların müəllimlərini, valideynlərini təbrik
edərək vətəndaşlar, xüsusilə də uşaqlar üçün yaradılan şəraitə və yüksək xidmətə
görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov
bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN
xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə
təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”
gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri
olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının
inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət”
mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb. Qeyd
edib ki, 25 gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının
qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və
onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin
qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə
xidməti, tibb xidməti daxildir.
Xidmətin qrup rəhbəri E.Həsənov rayon rəhbərliyinə məlumat verərək
bildirib ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə
başladığı gündən hal-hazıradək müraciət etmiş 1041 nəfərdən 1025 nəfərə xidmət
göstərilib. Bildirib ki, Səyyar "ASAN qatar” xidmətinin həyata
keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat,
yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin
məmnunluğuna nail olmaqdır. Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət
göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə
günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata
keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan
18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Sonra
şəxsiyyət vəsiqələri uşaqlara təqdim edilib.
Daş Salahlı kənd 1 saylı körpələr
evi-uşaq bağçasının müdiri Təranə Sultanova, övladı Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında
tərbiyə alan valideynlərdən Tamara Mahmudova çıxış edərək regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin
keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət
avtobuslarının, eləcə də qatarların təşkil olunmasını yüksək qiymətləndirdiklərini
qeyd ediblər. Mütəmadi olaraq təşkil olunmuş bu cür layihələri dövlət tərəfindən
hər bir vətəndaşa göstərilən qayğı kimi dəyərləndiriblər. Çıxış edənlər
bildiriblər ki, bu gün rayonumuzda körpələrə olan qayğı yüksək səviyyədədir. 4
uşaq bağçasından 59 nəfər körpə fidana şəxsiyyət vəsiqələrinin təqdim olunması,
xüsusilə bir ailənin 3 övladının şəxsiyyət vəsiqəsi ilə təmin olunması bir daha
onu göstərdi ki, dövlətimiz və dövlət başçımız tərəfindən uşaqlara olan qayğı hər
zaman yüksək səviyyədə olub. Rayonumuzda uşaqların gözəl şəraiti olan
bağçalarda tərbiyə almaları, müasir standartlara cavab verən məktəblərdə elmə,
biliyə yiyələnmələri, vətənpərvər ruhda böyümələri üçün hər cür şərait
yaradılır. Bu gün körpə fidanlara şəxsiyyət vəsiqələrinin bu cür yüksək səviyyədə
təqdim olunması da bir daha sübut etdi ki, onların gələcəkdə əsl vətəndaş kimi
formalaşması üçün ölkəmizdə, eləcə də rayonumuzda əhəmiyyətli işlər görülür. Sonra rayon rəhbərliyi bağçada
uşaqlara göstərilən diqqət və qayğı, ərzaq təminatı və tibbi müayinə olunmaları
ilə maraqlanıb, bağçadakı şəraitlə tanış olub. GOYEZEN.AZ
Facebook-da paylaş