• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda səhiyyə sahəsi daim diqqət mərkəzindədir


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir sıra tibb müəssisələrinə baş çəkib, mövcud vəziyyətlə maraqlanıb, vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub.

İcra başçısı ilk olaraq Qazax şəhər Doğum Evinə baş çəkib. Bu tibb müəssisəsindəki şəraitlə maraqlanan rayon rəhbərinə doğum evinin baş həkimi Aynur Namazova xəstəxananın mövcud vəziyyəti barədə məlumat verib. Rayon rəhbərliyinə məlumat verilib ki, ana olacaq qadınlar ilk gündən qeydiyyata alınır və onlara yüksək səviyyədə tibbi qulluq göstərilir.

Tibb işçiləri ilə səmimi şəkildə görüşən rayon rəhbəri dövlətimiz və dövlət başçısı tərəfindən bütün bölgələrimizdə səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirib ki, bu gün rayonda səhiyyədə lazımi şəraitin olmamasına baxmayaraq vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir. Bu sahədə çalışan tibb işçiləri mümkün olan bütün imkanlardan istifadə edirlər ki, vətəndaşlar səhiyyə ocaqlarından razı şəkildə ayrılsınlar. Bunun üçün böyük səylə çalışırlar.

Ölkə başçısının səhiyyə sahəsindəki apardığı məqsədyönlü işlərdən söz açan rayon rəhbəri rayonumuzda inşa edilən 10 korpusdan ibarət olacaq 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisinin bunun əyani sübutu olduğunu qeyd edib.

Doğum Evinin baş həkimi Aynur Namazova, burada çalışan tibb işçilərindən İmalə Əhmədova, Hava Əsgərova, Rəna Mustafayeva. Mənsurə Xatınova, Gülhava Xəlilova çıxış edərək onlarla mütəmadi olaraq bu cür səmimi görüşlər keçirdiyinə, səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərilən bu etimadı doğruldaraq bundan sonra da tutduqları vəzifələrdə daha məsuliyyətlə çalışacaqlarını qeyd ediblər. 

Sonra icra başçısı Qazax rayonlararası Ruhi Xəstəxanada olub. Burada aparılan təmir işləri, xəstəxananın həyətində salınmış meyvə bağı və güllük sahəsi ilə yaxından tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

Rayon rəhbərliyi burada çalışan həkim və tibb bacıları ilə də görüş keçirərək müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab verən yeni xəstəxana binası tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bununla da dövlətimiz tərəfindən Qazax rayonunda səhiyyənin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaqdır.

İcra başçısı bildirib ki, ruhi xəstəxanada da bu il üzrə nəzərdə tutulan bütün təmr işləri demək olar ki, həyata keçirilib. Əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən görürük ki, şərait xeyli dərəcədə yaxşılaşıb. Təmir işləri bundan sonra da davam etdiriləcəkdir. Qeyd edib ki, bu gün görülən işlərin nəticəsidir ki, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə alan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibət köklü surətdə dəyişib. Bu gün səhiyyə sahəsinin günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün bütün tibb işçilərinin böyük səylə çalışmaları bunun bariz nümunəsidir.

Qazax rayonlararası ruhi xəstəxanasının baş həkimi Ramiz Mansurov, işçilərdən Nəzirə Vəliyeva və başqaları çıxış edərək rayonda inşa olunan və müasir standartlara cavab verən Mərkəzi Xəstəxana binasına görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də ruhi xəstəxananın kollektivinə və burada müalicə alan xəstələrə göstərdiyi qayğıya görə icra başçısına sonsuz təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, sizin hər dəfə bura gəlməyiniz, xəstələrə baş çəkməyiniz böyük məsuliyyət hissi ilə yanaşı, istər həkimlərdə, istərsə də xəstələrdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Sizin sayənizdə bütün xəstələr əsl qayğını hiss edirlər.

Səhiyyə müəssisələri ilə tanış olan rayon rəhbəri Qazax Müalicə Diaqnostika Mərkəzində də vətəndaşlara göstərilən xidmətlərlə, onlar üçün yaradılan şəraitlə maraqlanıb.

Palataları gəzərək müalicə alan xəstələrlə görüşən, onlara göstərilən diqqət və qayğı ilə tanış olan rayon rəhbərinə məlumat verilib ki, bu gün mərkəzdə vətəndaşlara tam müasir standartlara cavab verən səviyyədə xidmət olunur.

Mərkəzdə müalicə alan xəstələrdən Xanlıqlar kənd sakini Alı Şahvələdov bildirib ki, bu gün nəinki rayon sakinləri, eləcə də Ağstafa, Tovuz. Şəmkir rayonlarından olan xəstələrə də yüksək səviyyədə xidmət göstərilir. Ölkə başçısının səhiyyə sahəsinə olan qayğısını yüksək qiymətləndirən rayon sakini onlarla görüşdüyünə və qayğıları ilə maraqlandığına görə minnətdarlığını bildirib.

Səhiyyə müəssisələri ilə yaxından tanış olan rayon rəhbəri sonra icra aparatında xəstəxanalardakı mövcud vəziyyətlə bağlı iclas keçirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək rayon rəhbərliyini əmin edib ki, verilən bütün tapşırıq və tövsiyələrə ciddi əməl edərək qarşıya qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.













































GOYEZEN.AZ



Facebook-da paylaş