Qazaxda “ABŞ - Azərbaycan münasibətləri ən yüksək mərhələdədir” mövzusunda tədbir keçirilib
Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasında baş müəllim, pedaqogika üzrə fəlsəfə doktoruMübariz Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Türkan Allahverdiyeva, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, gənc partiya fəalı, Qazax Dövlət Sosial-İqtisadi Kollecin II kurs tələbəsi Tükəzban Vəliyeva çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxış edənlər vurğulayıblar ki, Azərbaycanın müstəqil və balanslı xarici siyasəti beynəlxalq müstəvidə öz bəhrəsini verməkdədir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə təmin olunmasına, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Son illərdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası da məhz bu siyasətin məntiqi nəticəsidir. Bu baxımdan, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariz nümunəsidir. Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə aparılan yüksək səviyyəli görüşlər ABŞ–Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Fevralın 17-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “ABŞ - Azərbaycan münasibətləri ən yüksək mərhələdədir” mövzusunda tədbir keçirilib.
YAP Qazax Rayon Təşkilatında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, partiya veteranları, ərazi partiya təşkilatının sədr və müavinləri iştirak ediblər.





YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan-Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir. Natiq ötən illər ərzində hər iki dövlətin qarşılıqlı münasibətlərin qurulması və inkişafında 1991-ci ildən bəri mühüm addımlar atdığını söyləyib. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən birinin məhz Amerika Birləşmiş Ştatları olduğunu vurğulayıb. Həmin ilin dekabrın 25-də rəsmi Vaşinqtonun öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etdiyini və çox keçmədən iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atmağa başladığını qeyd edib. A.Nəbiyev bildirib ki, 1992-ci ildə Azərbaycan Respublikasında baş verən hakimiyyət dəyişikliyi və o vaxtkı hökumətin yeritdiyi qüsurlu xarici siyasət, eləcə də Ermənistanın Azərbaycana təcavüzü və erməni lobbisinin fəaliyyəti nəinki ABŞ-da ölkəmizə olan marağı və onun Qafqaz regionunda kəsb etdiyi əhəmiyyəti heçə endirdi, hətta Vaşinqtonun respublikamıza qarşı ciddi sanksiyalar tətbiq etməsinə gətirib çıxardı. Məhz bunun nəticəsində 1992-ci ilin axırlarında ABŞ Konqresi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı Müdafiə Aktı”na “907-ci düzəliş” deyilən sənəd qəbul etdi. Bununla da Azərbaycan-ABŞ münasibətlərində ciddi soyuqluq yarandı. Lakin bu, elə də uzun çəkmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin daxili və xarici siyasətində yaranmış xaos aradan qaldırıldı və münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldı ki, nəticədə “Azadlığı Müdafiə Aktı”na dair “907-ci düzəliş”ə baxmayaraq, ABŞ Azərbaycana yenidən yardım etməyə başladı. Heydər Əliyevin hakimiyyətə gəlişi və yeritdiyi məqsədyönlü xarici siyasət Azərbaycan ilə ABŞ arasında yaranmış soyuqluğa son qoyaraq, münasibətlərdə yeni mərhələ açdı.
Natiq bildirib ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan layihələrin başlıca aktoru kimi çıxış edir ki, bu da Qərbin, o cümlədən ABŞ-ın Azərbaycan ilə əlaqələrinin inkişaf etdirilməsində ən mühüm amildir. Bu əlaqələrin inkişafında Azərbaycanın son illərdə qazandığı nailiyyətlər də əsas rol oynayır. Artıq Azərbaycan Respublikası beynəlxalq arenada özünü təsdiqləmiş bir dövlət kimi çıxış edir. Bu gün Azərbaycan ilə münasibətlər artıq bir çox dünya dövlətlərinin xarici siyasət prioritetləri sırasındadır. Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqe və zəngin enerji ehtiyatları Azərbaycanın ABŞ üçün də marağını artırır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Keçirilən tədbirin əhəmiyyətindən söz açan icra başçısı qeyd edib ki, beynəlxalq müstəvidə qlobal dəyişikliklərin getdiyi bir dövrdə sabitlik adası olan Azərbaycanın dünyadakı siyasi mövqeyi, regional obrazı güclənməkdədir. Əlbəttə, bu, ilk növbədə, Prezident İlham Əliyevin bacarıqlı dövlət adamı olmasından, uzaqgörənliyindən və diplomatik səriştəsindən qaynaqlanmaqdadır. Tam əminliklə demək olar ki, dövlətimizin başçısı Vətənimizin coğrafi mövqeyindəki üstünlükdən məharətlə istifadə etməkdə, üstünlüyümüzü praktik faydalara çevirməkdədir. Bu günün Azərbaycanı Qərb və Rusiya, Türkiyə və İran, ABŞ kimi fərqli güclərlə balanslaşdırılmış siyasət aparır. Respublika Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donalt Trampın dəvəti ilə 2025-ci ilin avqust ayının 8-də Amerikada işgüzar səfərdə olması və 10 fevral 2026-cı il tarixdə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizdə səfərdə olması, səfər çərçivəsində sazişlərin imzalanması, bəyanatların verilməsi buna əsas verir. Azərbaycan-ABŞ münasibətləri ötən 25 ildə hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edib. İstər siyasi, istərsə də iqtisadi sahələrdə ölkələr arasında uğurlu əməkdaşlıq formatları qurulub. Bu gün Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahələrdə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində Respublika Prezidenti İlham Əliyev mətbuata bəyanat verərək bildirmişdir ki, “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Layihə çərçivəsində Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətlər qaldırılıb, o cümlədən Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Layihə nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Nəticədə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüşdə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupu yaradıldı və 10 fevral 2026-cı il tarixdə xartiya imzalandı. Vitse-prezident Vensin səfəri, imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir. Xartiyada ABŞ Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri əks olunub. Ölkəmiz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işini davam etdirəcək. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə isə TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Ölkəmiz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açır və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulmuşdur ki, artıq ilkin nəticələr var. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens öz çıxışında realist və praqmatik xarici siyasət yürüdən, həm regional balansda söz sahibinə çevrilmiş Prezident İlham Əliyevin diplomatik bacarığını qiymətləndirərək bu fikirləri səsləndirmişdir:“Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik”. Bu səfər bir daha göstərdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq siyasətin fəal və etibarlı oyunçusudur. Qarşıdakı illərdə bu strateji əməkdaşlığın daha da dərinləşməsi, həm ikitərəfli münasibətləri, həm də regional sabitliyi möhkəmləndirəcək! Bu tarixi qələbə Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə kimi əbədi yadda qalacaqdır. Ulu Öndər Heydər Əliyevin ruhunu şad edən və onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Qazax ictimaiyyəti adından bir daha bu siyasi qələbə münasibətilə ürəkdən təbrik edir, xalqımız üçün taleyüklü ali dövlət fəaliyyətində yeni-yeni zirvələr və tarixi nailiyyətlər arzu edirik. Əlbəttə ki, cənab Prezidentin hər bir uğuru xalqımızın uğurudur, hər bir qələbəsi dövlətimizin gücünün təntənəsidir.






Facebook-da paylaş














