İcra başçısı şəhid ailəsini və vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinləyib
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Fevralın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn Canalı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsini fərdi qəbul edərək onların qayğıları ilə maraqlanıb. Şəhid ailəsi ilə səmimi söhbət edən icra başçısı Vətən yolunda canlarından keçən qəhrəman şəhidlərimizin, sağlamlıqlarını itirən qazilərimizin, onların ailələrinin hər bir Azərbaycan vətəndaşı, eləcə də dövlət məmuru üçün doğma və əziz olduğunu söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək Qazaxda bu amilin, göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhid ailəsi hər zaman onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Bugünkü görüşə və səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. İcra başçısı həmçinin, bu gün Qazax şəhərindən müraciət etmiş 2 nəfər vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Ölkə Prezidenti İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, müstəqil, suveren Azərbaycanımızda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri isə bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.



Facebook-da paylaş















