• Təqvim

  • Maraq



Şəhid həkim məzarı önündə yad edilib


Respublika mətbuatı Qazax haqqında

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıcı kimi qürurla xatırlanır. 5 il əvvəl xalqımız 44 gün davam edən savaşda şanlı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı.

Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində 25 yaşında şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Adil Qədir oğlu Əfəndiyevdir.

O, Vətən müharibəsində heç tərəddüd etmədən döyüşlərə qatıldı. Hərbçi kimi illərdir düşmən tapdağında qalan torpaqları azad edəcək, həkim kimi yaralı döyüş yoldaşlarına, əsgərlərimizə, hərbçilərimizə kömək edəcəkdi. Bu arzu ilə qəhrəmanlıq dolu bir savaş yolu keçdi. Bu yol 2020-ci ilin 22 oktyabrına kimi davam etdi. Şəhidlik zirvəsinə ucalana qədər yüzlərlə döyüş yoldaşını ölümün pəncəsindən xilas etdi, onlara yardım göstərdi. Dostluqda sadiq olan Adil şəhidlik zirvəsinə də öz komandirini xilas edərkən ucaldı. Bəli, Adil verdiyi sözü tutdu, torpaqlarımızı azad edərək həm hərbçi, həm də həkim kimi adını tarixə yazdı.

Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuş qəhrəman şəhidimiz məzarı başında yad olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, "Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, xəstəxananın əməkdaşları və şəhidimizin valideynləri ilə birlikdə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə igid Vətən oğlunun məzarı ziyarət olunub, şəhidin əziz xatirəsi ehtiramla anıb.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin müəllifləri olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Adil kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. Adil kimi qəhrəmanla Azərbaycan xalqı fəxr edir, qürur duyur. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğı hər bir dövlət məmuruna örnəkdir. 

Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Qədir Əfəndiyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Şəhid ailəsi kimi onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə, övladının adını bayramlarda, əlamətdar günlərdə hər zaman uca tutduğuna görə rayon rəhbərliyinə razılıq bildirib.

Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2012-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi həkim işi" ixtisasına bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N" saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 31 mart 2023-cü il tarixli qərarına əsasən şəhər ərazisində küçələrdən birinə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhidimizin adı verilib.

Qəhrəman şəhidimizin adını əbədiləşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önünə barelyefi vurularaq abidə ucaldılıb.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

25 iyun 2025-ci il, səhifə 15

https://respublika-news.az/az/news/sehid-hekim-mezari-onunde-yad-edilib 




Facebook-da paylaş