• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsinin həkim şəhidi peşə bayramında məzarı başında yad edilib


Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

2020-ci ilin 27 sentyabr tarixi, haqq savaşına çıxdığımız gün Azərbaycan xalqının yaddaşında bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi qürurla xatırlanır. 5 il əvvəl Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. 


Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində 25 yaşında Şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. 

Adil Əfəndiyev də öz peşəsinin vurğunu idi. Baba və nənəsinin arzularını öz peşəsində yaşadırdı. Babasının hərbçi olmaq, nənəsinin isə həkim olmaq arzusunu çin etmşdi. Tibb xidməti leytenantı olaraq həm Vətənin keşiyində dayanır, həm də bir həkim kimi içdiyi Hippokrat andına həmişə sadiq idi. 

2020-ci ilin 27 sentyabr günü başlayan Vətən müharibəsində də heç tərəddüd etmədən döyüşlərə qatıldı. Hərbçi kimi illərdir düşmən tapdağında qalan torpaqları azad edəcək, həkim kimi yaralı döyüş yoldaşlarına, əsgərlərimizə, hərbçilərimizə kömək edəcəkdi. Bu arzu ilə döyüşlərə qatıldı və qəhrəmanlıq dolu bir döyüş yolu keçdi. Bu yol 2020-ci ilin 22 oktyabrına kimi davam etdi. Şəhidlik zirvəsinə ucalana kimi yüzlərlə döyüş yoldaşını ölümün pəncəsindən xilas etdi, yardım göstərdi. Dostluqda sadiq olan Adil elə Şəhidlik zirvəsinə də öz komandirini xilas edərkən ucaldı. Bəli, Adil verdiyi sözü tutdu, torpaqlarımızı azad edərək həm hərbçi, həm də həkim kimi adını tarixə yazdı. 

44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dillərə dastan olan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimiz cənnətdəki peşə bayramında məzarı başında yad olunub.  

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, xəstəxananın əməkdaşları və şəhidimizin valideynləri ilə birlikdə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə igid Vətən oğlunun məzarını ziyarət edib, şəhidimizin əziz xatirəsini ehtiramla anıblar.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin müəllifləri olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Adil kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. İcra başçısı Adil kimi qəhrəmanlarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu qeyd edib. İcra başçısı bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən rayon rəhbəri şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Qədir Əfəndiyev buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Şəhid ailəsi kimi onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə, övladının adını bayramlarda, əlamətdar günlərdə hər zaman uca tutduğuna görə rayon rəhbərliyinə razılıq edib.

Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.  

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb.



Facebook-da paylaş