O, həm hərbçi, həm də həkim kimi verdiyi sözü tutdu...
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------
Cənnətdəki peşə bayramın mübarək ŞƏHİDİM...
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı.
Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində 25 yaşında Şəhidlik zirvəsinə ucalan oğullardan biri də tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.
Adil Əfəndiyev də öz peşəsinin vurğunu idi. Baba və nənəsinin arzularını öz peşəsində yaşadırdı. Babasının hərbçi olmaq, nənəsinin isə həkim olmaq arzusunu çin etmşdi. Tibb xidməti leytenantı olaraq həm Vətənin keşiyində dayanır, həm də bir həkim kimi içdiyi Hippokrat andına həmişə sadiq idi.
2020-ci ilin 27 sentyabr günü başlayan Vətən müharibəsində də heç tərəddüd etmədən döyüşlərə qatıldı. Hərbçi kimi illərdir düşmən tapdağında qalan torpaqları azad edəcək, həkim kimi yaralı döyüş yoldaşlarına, əsgərlərimizə, hərbçilərimizə kömək edəcəkdi. Bu arzu ilə döyüşlərə qatıldı və qəhrəmanlıq dolu bir döyüş yolu keçdi. Bu yol 2020-ci ilin 22 oktyabrına kimi davam etdi. Şəhidlik zirvəsinə ucalana kimi yüzlərlə döyüş yoldaşını ölümün pəncəsindən xilas etdi, yardım göstərdi. Dostluqda sadiq olan Adil elə Şəhidlik zirvəsinə də öz komandirini xilas edərkən ucaldı. Bəli, Adil verdiyi sözü tutdu, torpaqlarımızı azad edərək həm hərbçi, həm də həkim kimi adını tarixə yazdı.
GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla anırıq. Ruhun şad olsun Şəhidim. Hər zaman qəlblərdə əbədi yaşayırsan. Cənnətdəki peşə bayramın mübarək Şəhidim...
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub, yaşadığı evin önündə barelyefi vurulub.
Facebook-da paylaş