• Təqvim

  • Maraq



Cari mövsümdə Qazaxda 3279 kq barama tədarük edilib


Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. 

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində məqsədyönlü işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq səkkizinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilib. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 3200 kq yaş baramanın istehsalı nəzərdə tutulub ki, plan uğurla icra olunub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə 80 qutu ipəkqurdu toxumunu yetişdirən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışaraq artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 3279,1 kq barama məhsulu tədarük olunub.

Qeyd edək ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı "Azəripək” MMC-yə təhvil vermələri üçün hər cür şərait yaradılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş