Qazaxda baramaçılığın inkişafı məqsədilə 25 mindən çox tut tingi əkilib
Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Çünki dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirir. Ən əsası da neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan kənd təsərrüfatının iş yerləri ilə təminatda ən böyük pay sahibi, yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektor olması nəzərə alınaraq bu sahə daim diqqət mərkəzində saxlanılır.
Son illər respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, ən əsası da bu sahəyə inamın artırılmasına və fəallığın yüksəldilməsinə səbəb olub.
Respublikamızın hər yerində olduğu kimi son 3 ildə Qazaxda da kənd təsərrüfatı sahəsində dönüş yaranıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da xüsusi diqqət göstərməsi, bu sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün həyata keçirdiyi islahatlar, verdiyi tapşırıq və tövsiyələr sadə kəndlidə böyük inam hissi yaratmaqla yanaşı, bu sahənin ildən-ilə inkişaf etməsinə də təkan verib. Bunu son illər rayonda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədilə yeni istehsal sahələrinin yaradılmasından, məhsul bolluğuna nail olunması üçün müasir texnologiyaların tətbiq edilməsindən də aydın şəkildə görmək olar.
Son 3 il ərzində rayonda vaxtilə Azərbaycanda yüksək gəlir gətirən kənd təsərrüfatı sahələrindən olan baramaçılıq sahəsində də uğurlu nəticələr əldə edilib. Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Rayon rəhbərinin kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi baramaçılığın inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, rayonda barama istehsalı ildən-ilə artmaqdadır. Artan bu göstəricini isə 4 ildə əldə olunan nailiyyətlərdən də görmək mümkündür. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda barama istehsalı 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. 2018-ci ildə isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu il isə 7667,5 kq yaş barama tədarük olunub.
Təbii ki, baramaçılığın inkişafı ilk növbədə möhkəm yem bazasından asılıdır. Qazaxda bu istiqamətdə də məqsədyönlü işlər görülür. Bu məqsədlə 2016-cı ildə rayonda yeni tut bağları salınmış, köhnə bağlar isə bərpa olunmuşdur. Həmin il 24 min 500 ədəd tut tingi basdırılmışdır ki, bunun 20 min ədədi Çin Xalq Respublikasından (ÇXR) gətirilmiş, 4 min 500 ədədi isə yerli tut tingləri olmuşdur. 2017-ci ildə də tut bağlarının salınması və genişləndirilməsi davam etdirilmişdir. Belə ki, 4 min 300 ədədi yerli, 3 min ədədi ÇXR-dan olmaqla daha 7 min 300 ədəd tut tingi basdırılmışdır. Sevindirici haldır ki, tut bağlarının salınması və genişləndirilməsi 2018-ci ildə də uğurla davam etdirildi. Həmin il 20 min ədəd tut tinginin basdırılması nəzərdə tutulmuşdu ki, ondan da 10 min ədədi ekologiya idarəsindən, 10 min ədədi isə yenə də ÇXR-dan gətirilmişdir. Beləliklə, 2016-2018-ci illərdə rayonda 51 min 800 ədəd tut tingi əkilmişdir ki, bunun da 18 min 800 ədədi yerli, 33 min ədədi isə ÇXR-dan gətirilən tinglər hesabına olmuşdur.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni tut bağlarının salınması 2019-cu ildə də davam etdirilib. Bu məqsədlə rayonun Xanlıqlar, Cəfərli-Bala Cəfərli, Hüseynbəyli-Canalı, Kosalar, Çaylı-Bala Çaylı, Dəmirçilər-Ürkməzli, Alpout-Abbasbəyli, Daş Salahlı, Orta Salahlı-Qazaxbəyli, Aşağı Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Ağköynək-Qarapapaq kəndlərində 25 min 516 ədəd tut tingi basdırılıb. Bunun da 15 min 516 ədədi yerli, 10 min ədədi isə yenə də ÇXR-dan gətirilib.
Kənd sakinləri respublikamızda, eləcə də bölgələrimizdə yeni salınmış tut bağlarını baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaradılması baxımından atılan ən uğurlu addım kimi qiymətləndiriblər. Kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə başda ölkə başçısı olmaqla rayon rəhbərliyinə təşəkkür ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş