• Təqvim

  • Maraq



Qazaxda arpa biçini davam edir


Son illər ölkəmizdə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü işlər nəticəsində aqrar sektor intensiv metodlarla inkişaf etdirilir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan ölkədə kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasına, o cümlədən də taxılçılığın inkişafına yeni yanaşmalar əsasında nail olmağa çalışır.

Prezident İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq təqdirəlayiq işlər görülür. Strateji əhəmiyyətli ərzaq məhsulu olan taxıl istehsalının artırılmasında yeni yanaşmalardan istifadə edilir.

Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə edən bölgələrimizdən biri də Qazax rayonudur. Son 3 ildə rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunu söyləməyə əsas verir. Rayonda neft sənayesi və tikinti sektorundan sonra üçüncü böyük sahə olan kənd təsərrüfatı sahəsinə xüsusi diqqətin artırılması bu sahənin inkişaf etdirilməsi ilə yanaşı rayonda işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında da böyük əhəmiyyət kəsb edir.

Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün avadanlıqlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.

Rayonda cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda arpa əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçini uğurla davam etdirilir. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.
Hazırda 4250 hektar arpa sahəsinin 2538 hektarında biçin aparılıb. Qalan 1712 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ



Facebook-da paylaş