• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və idman siyasəti” mövzusunda tədbir keçirilib


Dekabrın 15-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və idman siyasəti” mövzusunda tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, digər məsul əməkdaşlar, təhsil işçiləri, ziyalılar, idmançılar, gənclər iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

 

Mərkəzdə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu il ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunur. Çünki 2023-cü il bəşəriyyətin Azərbaycana bəxş etdiyi şəxsiyyətlərdən olan Heydər Əliyevin 100 illik yubileyidir. Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxaran, onu bütün dünyada tanıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın tək siyasi-iqtisadi deyil, bütün sahələrində inkişafına, tərəqqisinə nail olmağı bacardı, o cümlədən də idman sahəsində. Ulu Öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.  


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb, “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. G.Həsənova ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə olduğunu bildirib. Müavin respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 150-dən artıq silsilə tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib. G.Həsənova bildirib ki, Azərbaycanın müstəqillik illəri xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir. Son illər ərzində qazanılmış çoxsaylı medallar, Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınması, nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idman sahəsinə, idmançılara göstərdikləri qayğı Ulu Öndərin əsasını qoyduğu idman siyasətinin olduğu kimi davam etdirilməsinə xidmət edir. Biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və bir vətəndaş kimi əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.  


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni bir mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. 


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Sahib Namazov çıxış edərək bildirib ki, müəllifi Heydər Əliyev olan uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nəaliyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. 


Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək bildirib ki, bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminlikıə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. 


Əməkdar məşqçi, “Biomen”  İdman Klubunun rəhbəri Azər Əliyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə idmana aid onlarla sərəncam və fərman imzalanıb. Bu sərəncamların hər birinə idman ictimaiyyəti böyük rəğbətlə yanaşıb. Əminliklə söyləmək olar ki, Heydər Əliyevin imzaladığı fərmanlar bugünkü idmanımızın hüquqi təməli rolunu oynayır. İmzalanan fərman və sərəncamlara yaxından diqqət yetirsək bunun həqiqət olduğunu görərik. 


Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, fəal gənc Nigar Mahmudova çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti hər birimiz üçün zəngin tərbiyə məktəbidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi. Hər birimizin borcudur ki, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı, qətiyyətli Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq.




Facebook-da paylaş