• Təqvim

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib


Mayın 27-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda Qazax (3 komanda), Ağstafa (2 komanda) və Bakı (Pəhləvan İdman Klubu) komandalarından 127 nəfər  2011-2012-ci il təvəllüdlü yeniyetmə güləşçi mübarizə aparıb. 

Yarışdan əvvəl təşkilatçılar, qonaqlar və rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. 


Sonra Qazax Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Sahib Namazov çıxış edərək yarış iştirakçılarını salamlayıb, təşkil olunmuş yarışın əhəmiyyətindən danışıb. Dahi şəxsiyyətin adı ilə bağlı keçirilən yarışda iştiraklarına görə razılığını ifadə edərək onlara uğurlar arzulayıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Sərdar Orucov çıxış edərək rayon rəhbərliyinin adından yarış iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublika idmanının inkişafı yolunda yorulmaz fəaliyyətindən və əldə olunan nailiyyətlərdən geniş söz açıb. Ümummilli Liderin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq onun əziz xatirəsinə həsr olunmuş yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü işlərdən, müstəqillik dövründə xalqın xilaskarı kimi ölkəni çətin vəziyyətdən çıxarmasından, müstəqil Azərbaycan dövlətinin inkişafında göstərdiyi xidmətlərdən danışaraq idmançılara uğurlar arzulayıb.

Yarışda I, II, III yeri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.





Facebook-da paylaş