• Təqvim

  • Maraq



“Qəhrəmanlar unudulmur" devizi altında keçirilən mini futbol turniri başa çatıb


2022-ci il 4-8 aprel tarixlərdə "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Vətən müharibəsi şəhidlərini tanıyaq və tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir keçirilib.           

Aprelin 8-də turnirin açılışı və final görüşləri olub. Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb.


"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev,Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, qazi Kamran Alməmmədov çıxış edərək şəhidlərimizin şərəfli yolu haqda danışıb, vətənpərvər çıxışlar edərək gənclərə uğurlar arzulayıblar. Şəhidlərimizlə bağlı bu cür layihələrin təşkil olunmasını yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra final görüşünə start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə üçüncü yer uğrunda Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin  komandası qarşılaşıb. Görüş 8-5 hesabı ilə 2 nömrəli məktəbin xeyrinə başa çatıb.

Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası birinci yer uğrunda mübarizə aparıblar. 4-3 hesabı ilə başa çatan görüşün qalibi 1 nömrəli məktəbin komandası olub.

Yekun nəticələrə görə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin komandası I yerin, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası II yerin, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası isə III yerin qalibi olub.

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

Turnirin sonunda iştirakçılar və şəhid ailə üzvləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dəstək verdikləri üçün öz minnətdarlıqlarını bildiriblər. Belə turnirlərin tez-tez keçirilməsini arzu ediblər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş