• Təqvim

  • Maraq



“Vətən müharibəsi şəhidlərini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş Atıcılıq üzrə turnir keçirilib


Martın 31-də "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətən müharibəsi şəhidlərini tanıyaq və tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş Atıcılıq üzrə turnir keçirilib.

Qazax Olimpiya İdman Kompleksində təşkil olunmuş turnirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.


"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Azər Əliyev iştirakçılara turnir haqda ətraflı məlumat verərək donor barədə danışıb. Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıqlarını iştirakçılara çatdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı tövsiyə edib. Gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırıb.

Tədbirdə iştirak edən polkovnik leytenant, Vətən müharibəsi əlili, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Valeh Mustafayev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev atıcılıq yarışının önəmi haqda danışıb.

Qazax Rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev çıxış edərək bu turnirin gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində olan önəmindən söz açıb, turnir iştirakçılarına uğurlar arzulayıb.


Çıxışlardan sonra turnirə start verilib. Turnirdə 38 komandanın tərkibində 140 iştirakçı qeydiyyatdan keçib. "Qəhrəmanlar unudulmur” devizi altında gərgin idman mübarizəsi şəraitində keçirilən turnirdə iki kateqoriya üzrə qaliblər müəyyən olunub.

1 kateqoriya gənclər komandası arasında keçirilib. Gənclər komandası arasında keçirilən görüşlərin nəticəsinə əsasən I yerə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin komandası (67 xal), II yerə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin komandası (59 xal), III yerə Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbin komandası (57 xal) layiq görülüblər.

2 kateqoriyada gənclər fərdi şəkildə öz atıcılıq qabiliyyətlərini sınayıblar. Gənclər arasında keçirilən görüşlərin nəticəsinə əsasən İsmayıl Əmiraslanov (27+10 xal) I yeri, Onurcan Abdurahimov (27+8 xal) II yeri, Ramil Hacalıyev (26 xal) isə III yeri qazanıblar.

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak ediblər.

Turnirin sonunda iştirakçılar və şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə turnirə dəstək verdikləri üçün öz minnətdarlıqlarını bildiriblər. Belə turnirlərin tez-tez keçirilməsini arzulayıblar. Turnirin gənclərin asudə vaxtlarının düzgün təşkili, onların sağlam həyat tərzini seçmələrinə böyük təkan verdiyini vurğulayıblar.








 

GOYEZEN.AZ



Facebook-da paylaş