Şəhid Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş Qol güləşi üzrə açıq rayon turniri keçirilib
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin "Şəhidlərimizi Tanıyaq və Tanıdaq” layihəsinin icrası çərçivəsində şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsinə həsr olunmuş gənc və yeniyetmələr arasında Qol güləşi üzrə açıq rayon turniri keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə Qazax idmançıları ilə yanaşı, Ağstafa və Tovuz rayonlarından olan idmançılar da iştirak ediblər. Turnirdə 3 rayonun 6 komandasından 123 idmançı qələbə uğrunda mübarizə aparıb.
Turnirin açılış mərasimində əvvəlcə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev giriş sözü ilə çıxış edərək şəhid Süleyman Süleymanovun həyatından, keçdiyi döyüş yolundan söhbət açıb, layihə və donor haqqında iştirakçılara ətraflı məlumat verib. Turnirin məqsəd və əhəmiyyətindən danışıb.
Turnirdə iştirak edən qonaqlardan RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov,"Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, Qarabağ qazisi Namiq Alıyev, Əlbəyaxa döyüş federasiyasının prezidenti Azər Əhmədov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon Təhsil şöbəsinin əməkdaşı Pərviz Alməmmədov şəhidlərimizin tanıdılmasında bu cür layihələrin böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Şəhidin atası Elçin Süleymanov çıxış edərək oğlunun xatirəsini yad etdiklərinə görə layihənin, eləcə də turnirin təşkilatçılarına ailəsi adından minnətdarlığını çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
İştirakçıların
ifasında Dövlət Himni səsləndikdən sonra Qol güləşi turnirinə start verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində 14 çəki üzrə
qaliblər müəyyən olunub. Komanda hesabında 30 medalla Qazax komandası I yerə, 7
medalla Ağstafa komandası II yerə, 5 medalla Tovuz komandası isə III yerə layiq
görülüblər. Qaliblər medal və diplomlarla mükafatlandırılıblar.
Turnirin sonunda Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov bütün qalibləri Fondun rəhbərliyi adından bir daha təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş