Qazaxda “İdmanla sağlam qal” şüarı altında videokonfrans keçirilib
Mayın 14-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin "İdmanla məşğul olun” çağırışına qoşulmaq məqsədilə "İdmanla sağlam qal” şüarı altında videokonfrans keçirilib.
Videokonfransda rayonda fəaliyyət göstərən idman məktəblərinin, idman klubları və idman cəmiyyətlərinin rəhbərləri, müəllim və məşqçi-müəllimlər iştirak ediblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov videokonfransı giriş sözü ilə açaraq ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərindən danışıb. Bugünlərdə ölkə Prezidenti cənab İlham Əliyevin TASS agentliyi direktorunun birinci müavini Mixayıl Qusmana müsahibəsində gənclərə və orta yaşlı insanlara idmanla məşğul olmaları barədə tövsiyələrini videokonfrans iştirakçılarının nəzərinə çatdırıb. Hər kəsi ölkə başçısının bu çağırışına qoşulmağa çağırıb.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Kamal Əhmədov, Bakı Dövlət Universitetinin Qazax filialının dekanı, pedoqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, Qazax Olimpiya İdman Kompleksi MMC-nin baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Əliyev, Kosalar kənd tam orta məktəbin fiziki tərbiyə rəhbəri, Qazax Gənclər Futbol Klubunun direktoru Rayət Əliyev, Qazax Rayon Təhsil şöbəsinin nəzdində UGİŞM-nin tədris hissə müdiri, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şücayət Nağdalıyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin direktoru, Azərbaycan Respublikasının İdman ustası, Əməkdar məşqçi Rəhim Namazov çıxış edərək karantin rejiminə əməl etmək şərti ilə, ölkə rəhbəri cənab İlham Əliyevin "İdmanla məşğul olun” çağırışına qoşulduqlarını, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən "Evdə Qal, İdmansız qalma”, "Evdə addımla” və s. layihələrində iştirak etdiklərini diqqətə çatdırıblar.
Videokonfransda ümumilikdə 19 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş