Qazax Olimpiya İdman Kompleksinin 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbiri keçirilib
Bu gün Qazax Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib.
Kompleksdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayıb.
Qazax Olimpiya İdman Kompleksinin məsul işçisi, Əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman işçisi Azər Əliyev çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Qazax Olimpiya İdman Kompleksinin idmançılarının 2019-cu ildə əldə etdikləri nailiyyətlər və Kompleksdə keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov çıxış edərək ölkəmizdə və rayonumuzda idman sahəsinə, idmançılara göstərilən dövlət qayğısından söhbət açıblar. Ölkə Prezidenti İlham Əliyevin idman sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində bu gün Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını qeyd ediblər. Dövlət başçısının idman sahəsinə olan qayğısının rayon rəhbərliyi tərəfindən də olduğu kimi icra edildiyini, idmançıların daim hərtərəfli qayğı ilə əhatə olunduqlarını bildiriblər. İdmançıları əldə etdikləri yüksək nailiyyətlərə görə təbrik edib, gələcək idman fəaliyyətlərində onlara uğurlar diləyiblər.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Rayon Təhsil şöbəsinin əməkdaşı Orxan Əliyev, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Suleymanov, idman müəllimi Rayət Əliyev və başqaları çıxış edərək əldə olunan nəticələrə görə idmançıları təbrik edib, müvəffəqiyyət arzulayıblar.
Sonda 2019-cu ildə Qazax Olimpiya İdman Kompleksinin qalib olmuş idmançıları, məşqçiləri və qonaqlar Fərqlənmə Diplomları ilə təltif olunublar.
Boks bölməsi üzrə 6, sərbəst güləş bölməsi üzrə 5, həndbol bölməsi üzrə 9, karate bölməsi üzrə 8, futbol bölməsi üzrə 5, qol güləşi bölməsi üzrə 7, cüdo bölməsi üzrə 4, ümumilikdə 44 idmançı Diploma layiq görülüb.
GOYEZEN.AZ
Facebook-da paylaş