Şəhid Zahid Mahmudovun xatirəsinə həsr olunmuş açıq rayon birinciliyi keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsi Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Qazax filialı ilə birlikdə şəhid Zahid Mahmudovun xatirəsinə həsr olunmuş Muay-Tay, Alpaqut, MMA (qarışıq döyüş növləri) və "Shoot Fight” döyüş növləri üzrə açıq rayon birinciliyi keçirib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda Qazax rayonundan (4 komanda) başqa, Tovuz, Şəmkir, Gəncə, Bakı (6 komanda), Sumqayıt (2 komanda), Yevlax, Şamaxı, Ağdam, Kürdəmir, Göyçay və Kəlbəcər komandalarından, ümumilikdə 120 nəfər idmançı iştirak edib.
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, idarə rəisinin müavini Sahib Namazov və yarış iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə gül dəstələri qoyublar.
Sonra yarışın rəsmi açılış mərasimi keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək rayonumuzda şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açıb. Şəhid Z.Mahmudovun əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib. Şəhidin xatirəsinə həsr olunmuş yarışı yüksək qiymətləndirib və idmançılara uğurlar arzulayıb.
Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin təsisçisi və Azərbaycan Döyüş Növləri Assosiasiyasının baş katibi Vasif Namazov, Azərbaycan Peşəkar Muay-Tay Döyüş Federasiyasının prezidenti Mərdan Vəliyev, Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin vitse-prezidenti Rafiq Qasımov və baş katibi Etibar Əliyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasından, idmançılarımızın istər beynəlxalq, istərsə də respublika səviyyəli yarışlarda saysız-hesabsız medallar qazanmalarından, üçrəngli Azərbaycan bayrağını uca tutmalarından danışıblar. Yarış iştirakçılarına qalib olmalarını arzu ediblər.
Çıxışlar başa çatdıqdan sonra yarışlara start verilib. Qalib və mükafatçılar müvafiq diplom və medallarla, peşəkar döyüşlərin qalibləri isə kəmərlərlə mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Alpaqut Turan Döyüş Sistemləri Mərkəzinin Qazax filialının direktoru Orxan Vəliyevdir.
Mahmudov Zahid Alı oğlu
Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikumuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikumu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.
GOYEZEN.AZ
Facebook-da paylaş