"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib
“"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır. Yanvarın 7-də Qazax Rayon İcra Hakimiyyətində sözügedən İşçi qrupunun üzvləri və rayonda fəaliyyət göstərən xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti iclas keçirilib. Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, sözügedən İşçi qrupunun rəhbəri Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İşçi qupunun üzvləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək iştirakçıları salamlayıb, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün olan əhəmiyyətindən söz açıb. Birinci müavin Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən birinci müavin Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Birinci müavin nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunmasında, keçirilməsində hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü, xidmət sahələrinin də üzərilərinə düşən işləri layiqincə yerinə yetirmələrini vurğulayaraq aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Facebook-da paylaş














