• Təqvim

  • Unutma

  • Maraq



“Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində dördüncü təlim təşkil olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində dördüncü təlim təşkil olunub.

Dördüncü təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha iki mövzu keçirilib. Təlimin yeddinci mövzusu "Şəxslərarası effektivlik" olub. Bu sessiyada iştirakçılar “Şəxslərarası effektivliy”in vacib elementləri ilə tanış olublar. “Sərhədlər” barəsində də öyrənən gənclər özlərinə xas olan şəxsi “sərhədlər”i araşdıraraq müəyyənləşdiriblər. Həmçinin, “yox” deməyin müxtəlif yolları ilə bağlı beyin həmləsi gerçəkləşdiriblər. İştirakçılar son olaraq sağlam “sərhədlər” müəyyən etməklə “yox” deməyi təcrübədən keçiriblər.


Daha sonra fasilitator Elmar Rzalı təlim iştirakçılarına səkkizinci mövzunu - "Mübahisələri həlletmə"ni təqdim edib. Burada isə gənclər mübahisə və münaqişələrin həll edilməsinin sağlam və qeyri-sağlam yolunu öyrəniblər. Sonra qarşılıqlı faydalı danışıqların mərhələlərini təcrübədən keçirərək mənimsəyiblər. Onlar həmçinin bu mərhələləri real və hipotetik vəziyyətlərdə tətbiq ediblər.

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.

Növbəti təlim 04 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş