• Təqvim

  • Maraq



Qazaxlı gənclər Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin doğum günündə məzarını ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Avqustun 12-si Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun cənnətdəki növbəti doğum günüdür.


Yaşasaydı bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Adil Əfəndiyevin 27 yaşı tamam olacaqdı... 

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri qəhrəman şəhidimizin doğum günündə igid Vətən oğlunun şəhər qəbiristanlığında olan məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə qərənfillər düzərək əziz xatirəsini hörmət və ehtiramla anıblar.

Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.  

Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub, yaşadığı evin önündə barelyefi vurulub.

GOYEZEN.AZ



Facebook-da paylaş