• Təqvim

  • Maraq



Qazaxlı Vətən müharibəsi şəhidləri kiçik gizir Elcan Namazovun və əsgər Əvəz Məmmədovun xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


İyunun 1-i Vətəni, torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü canlarından üstün tutaraq Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri kiçik gizir Namazov Elcan Hidayət oğlunun və əsgər Məmmədov Əvəz Elnur oğlunun cənnətdəki növbəti doğum günləridir.

Yaşasaydılar bu gün döyüş meydanında göstərdikləri igidliklərə görə ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik gizir Elcan Namazovun 25 yaşı, ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Əvəz Məmmdovun isə 21 yaşı tamam olacaqdı.

Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən Elcan və Əvəz kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Qanları ilə tarix yazan oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq.

İyunun 1-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri kiçik gizir Namazov Elcan Hidayət oğlunun və əsgər Məmmədov Əvəz Elnur oğlunun əziz xatirəsinə həsr olunmuş gənclər arasında komandalardan ibarət intellektual yarış keçirilib.



Qazax Gənclər Evində təşkil olunmuş yarışda 8 komanda olmaqla 32 nəfər gənc mübarizə aparıb.

Gənclər əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə yarışı giriş sözü ilə açaraq gəncləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə onlara ətraflı məlumat verib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, həmçinin müəssisənin fəal könüllülərindən olan Nəzrin Rəhimova şəhidlərimiz haqqında gənclərə məlumat verib.

Olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvləri Nəsibov Elmar Vüqar oğluna, Vəliyev Tapdıq Üzeyir oğluna, Namazov Şamil Süleyman oğluna, Hüseynov Vüsal Vüqar oğluna hədiyyə və diplom təqdim edilib. Digər iştirakçıların hər birinə sertifikat təqdim olunub.





GOYEZEN.AZ



Facebook-da paylaş