Gənclər bu dəfə Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyevlə görüşüblər
Mayın 9-da "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Vəli oğlu Mehdiyevin müəssisədə gənclərlə görüşü keçirilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən söz açıb. V.Hüseynov tədbirin əsas məqsədinin gənclərə vətənpərvərlik hissinin aşılanmasından və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarət olduğunu qeyd edib. Zəfər dolu bu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edərək bu qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb. Bu yolda xalqımız, can qoyan ordumuz öz zəhməti, gərgin əməyi ilə xidmət edərək bu qələbəni nəinki ölkənin, eləcə də dünyanın hərb tarixinə qızıl hərflərlə yazdığını qeyd edib.
Sonra Qarabağ qazisi Natiq Mehdiyev döyüş xatirələrindən bəhs edərək, igidlərimizin döyüş yolunun gənc nəsilə nümunə olduğunu bildirib. Onların göstərdiyi şücaət, cəsurluq, vətənsevərlik bu günün, sabahın gənclərinin həyat amalına çevrilməli olduğunu vurğulayıb. Qazimiz Vətən qarşısında borcunu yerinə yetirmək imkanına görə şərəf duyduğunu, şəhid olan qardaşlarını daim kədər hissi ilə yad edəcəyini söyləyib.
Daha sonra tədbirdə iştirak edən Vətən müharibəsi qazisi Yusubov Famil Kamil oğlu çıxış edərək öz döyüş yolundan danışıb, şəhidlərimizin qanı bahasına qazanılan qələbədən uzun illər sonra da danışılacağından əminliyini bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi, həmçinin Qazax Gənclər Evinin fəal könüllüsü Nəzrin Rəhimova çıxış edərək Qazax rayonunun şəhid və qaziləri haqqında danışıb. Qazilərimizə gənclərə nümunəvi örnək olduqları üçün öz təşəkkürünü çatdırıb.
Sonda Sunar Quluyeva "Şəhid ailəsi" şeirini səsləndirib, gənclərin sualları qazilərimiz tərəfindən ətraflı cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş