Qazaxda gənclərlə görüş keçirilib
Aprelin 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun təşəbbüsü ilə gənclərlə görüş keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri Gülnar Quluyeva, Nərmin Hüseynzadə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Böyük məsəhətçi Babək Nuruyev, deputat köməkçisi Akif Əmirov, rayonda çalışan və təhsil alan fəal gənclər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Gülnar Quluyeva tədbiri giriş sözü ilə açaraq gəncləri rayon rəhbərliyinin adından salamlayıb, gəncləri on bir ayın sultanı olan Ramazan bayramı münasibətilə təbrik edib. G.Quluyeva qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Sevindirici haldır ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Xalqımız 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bir daha şahidi oldular ki, vətənpərvərlik hissi ilə yetişən Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında qəhrəmanlıq göstərdilər və canlarından keçərək tarix yazdılar. G.Quluyevarespublikamızda olduğu kimi, Qazaxda da rayon rəhbərliyi tərəfindən gənclərə böyük dəstək göstərildiyini bildirib. Gənclərə göstərilən bu diqqət və qayğıya görə başda Prezident İlham Əliyev olmaqla rayon rəhbərliyinə bütün gənclər adından öz təşəkkürünü çatdırıb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək gəncləri millət vəkili Səməd Seyidovun adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Deputat köməkçisi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini bildirib. Ölkə Prezidentinin rəhbərliyi altında gənclər üçün yaradılan imkanlardan, şəraitdən söz açan A.Əmirov rayonda gənclərlə işləyən Qazax Rayon Gənclər və İdman İdarəsini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyini və "Qazax Gənclər evi” sosial xidmət müəssisəsini nümunə göstərib, gənclərə onlar üçün olan bu imkanlardan yararlanmağı tövsiyə edib.
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar və dərnəklər haqqında məlumat verib, gəncləri həmin kurslara, dərnəklərə qatılmağa dəvət edib.
Səmimi söhbət əsasında keçirilən görüşdə gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşün təşkilinə görə razılıqlarını bildirən gənclər bir sıra təkliflərini də irəli sürüblər.
GOYEZEN.AZ
Facebook-da paylaş