• Təqvim

  • Maraq



“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu Qazaxda rayon sakinləri ilə görüşüb


Gənclərimizin innovativ, müasir tarixin düzəninə, inkişaf tendensiyaları və reallıqlarına uyğun şəkildə idarəetmə bacarıqlarının üzə çıxarılması və eyni zamanda həyata keçirilməsi məqsədilə təsis edilmiş "Yüksəliş” müsabiqəsi istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaradır.

Respublika Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan "Yüksəliş” müsabiqəsinin böyük əhəmiyyəti var.

Artıq ikinci dəfə elan edilən və gənclərimizin ilk müsabiqədən həvəslənərək daha böyük maraqla və inamla qatıldıqları növbəti müsabiqəyə start verilib.

Fevralın 17-dən etibarən ikinci "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayıb. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər. Qeydiyyat "Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.

"Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Martın 2-də "Yüksəliş” müsabiqəsinin İşçi Qrupu Qazax Gənclər Evində rayon sakinləri ilə görüşüb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil edilən görüşdə müsabiqədə iştirak etmək istəyən namizədlərə qeydiyyat mərhələsi ilə bağlı köməklik göstərilib, müsabiqə ilə bağlı ünvanlanan suallar cavablandırılıb. Görüşdə ümumilikdə 75 nəfər iştirak edib.




 

GOYEZEN.AZ



Facebook-da paylaş