• Təqvim

  • Maraq



2 Fevral - Gənclər Gününün 25 illiyinə həsr olunmuş "Gələcəyə əmin addımlarla" başlığı altında toplantı keçirilib


Yanvarın 28-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral - Gənclər Gününün 25 illiyinə həsr olunmuş "Gələcəyə əmin addımlarla" başlığı altında toplantı keçirilib.

"Gənclər həftəsi" çərçivəsində keçirilən tədbir Qazax Rayon Gənclər və İdman İdarəsi və "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Qazax Gənclər evində təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


 

Tədbiri giriş sözü ilə açan Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbir iştirakçılarını salamlayıb, 2 Fevral - Gənclər Günü münasibətilə səmimi təbriklərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, 44 gün davam edən müharibə dövründə "Dəmir yumruq" əməliyyatı həyata keçirən ölkəmiz erməni işğalçılarını diz çökdürdü. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına böyük qələbə yaşatdı.

 

V.Nəbiyev bildirib ki, bu gün Azərbaycan bütün dünyada qalib bir ölkə kimi tanınırsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğalda olan torpaqlarımız azad edilibsə, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandan İlham Əliyevə, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Daha sonra "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, "Döyüşdə fərqlənməyə görə”, "Cəsur döyüşçü” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, qazi Cavid Musayev, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Aycun Quliyeva və Süleyman Süleymanov çıxış edərək 44 günlük Vətən müharibəsindən, qazandığımız tarixi Qələbədən söz açıblar. Qanları ilə tarix yazan oğullarımızla, gənclərimizlə fəxr etdiklərini dilə gətiriblər.

Sonda Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgiylə cavab verdiklərindən bəhs edilir. Həmçinin filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş