• Təqvim

  • Maraq



20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Tarixi qanları ilə yazanlar" adlı anım tədbiri keçirilib


Yanvarın 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Tarixi qanları ilə yazanlar" adlı anım tədbiri keçirilib.

Tədbirdə ilk olaraq 20 Yanvar faciəsindən bəhs edən "Danışan talelər" filmi izlənilib. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 





Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm tarix olduğunu vurğulayıb. V.Nəbiyev 20 Yanvar faciəsinin müstəqillik tariximizdə qanla yazılan bir səhifə olduğunu vurğulayaraq, dəhşətli hadisələrin törədilməsində əsas məqsədlər və bunun arxasında duran siyasi qüvvələr barədə danışıb. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan söz açıb. Vurğulayıb ki, faciədən bir gün sonra Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra məhz onun təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

 

V.Nəbiyev qeyd edib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov Qanlı 20 Yanvar hadisələrinədək Azərbaycanın keçdiyi yol, sovet hökumətinin antidemokratik, antikonstitusional addımları, mülki əhali və əmlaka vurulan zərər barədə iştirakçılara məlumat verib. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Esmira Şıxməmmədova və kollecin tələbəsi Aycun Quliyeva Qara Yanvarın Azərbaycan xalqının müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu və bundan qısa müddət sonra Azərbaycanın müstəqilliyini bərpa etdiyini bildiriblər. 

Çıxışlarda həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən bəhs olunub.

 

GOYEZEN.AZ



Facebook-da paylaş