Gənclər bu dəfə Xanlıqlar kəndinin qəhrəman oğlu leytenant Qismət Həməşəyevin məzarını ziyarət ediblər
Şəhidlərimizi
tanıyaq və tanıdaq----------------------------------------------- 2020-ci
il həm müstəqil Azərbaycanın hərb tarixinə, həm də xalqımızın yaddaşına qızıl
hərflərlə yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik işğala
son qoyaraq düşmən tapdağında olan torpaqlarımızı erməni qəsbkarlarından
təmizlədi. 44 günlük Vətən müharibəsində xalqımızın yurd həsrətinə son qoyuldu,
arzusunda olduğumuz Qarabağ işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində
rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən
oğulları döyüş meydanında göstərdikləri şücaətlə bütün dünyaya bir daha nümayiş
etdirdilər ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq
iqtidarındadır və çıxdı da... Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan
27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi. Və
hər kəs bir daha şahidi oldu ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!. Vətəndaş
olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı
düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan
yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və
yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı,
onları tanımalı və tanıtmalıyıq. Qazax
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda
canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin
ehtiramla anırlar. Öz ənənəsinə
sadiq qalan gənclər bu dəfə Vətən müharibəsində torpaqlarımızın ərazi
bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən Xanlıqlar
kəndinin igid oğlu – ölümündən sonra 3-cü dərəcəli "Rəşadət”
ordeni, "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuş şəhid leytenant Həməşəyev
Qismət Oruc oğlunun məzarını ziyarət ediblər. Şəhidimizin məzarına tər qərənfillər
düzərək igid Vətən oğluna olan ehtiramlarını bildiriblər. Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən
müharibəsində qanları ilə tarix yazan Qismət kimi igid oğullarımızın
xatirəsinin hər zaman əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını söyləyib.
30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş
Komandanın rəhbərliyi altında şanlı Ordumuz tərəfindən işğaldan azad
olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi
ilə xatırlandığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə,
qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq bugünkü ziyarətin də məhz
həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Şəhidlərimizi gələcək
nəsillərə tanıtmağın ən ümdə iş olduğunu vurğulayıb. Şəhid
leytenant Həməşəyev Qismət Oruc oğlu Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci
ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan
Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş,
2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci
ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti
bitirmişdir. 2011-ci ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan
Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış,leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis
olunmuşdur. 2019-cu ildən "AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində
işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına
əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb
olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb
edilmiş Qismət Həməşəyev Vətən
torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci motoatıcı
taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr
2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun
Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı
yoxdur. Bütün şəhidlərimiz
kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid
leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də
yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli
"Rəşadət” ordeni ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş