Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Xanlıqlar kəndinin qəhrəman oğlu leytenant Qismət Həməşəyevin məzarını ziyarət ediblər

Gənclər bu dəfə Xanlıqlar kəndinin qəhrəman oğlu leytenant Qismət Həməşəyevin məzarını ziyarət ediblər


23-12-2021, 18:49

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------------------------------------------


2020-ci il həm müstəqil Azərbaycanın hərb tarixinə, həm də xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq düşmən tapdağında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində xalqımızın yurd həsrətinə son qoyuldu, arzusunda olduğumuz Qarabağ işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş meydanında göstərdikləri şücaətlə bütün dünyaya bir daha nümayiş etdirdilər ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və çıxdı da... Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi. Və hər kəs bir daha şahidi oldu ki, Qarabağ Azərbaycandır!. Qarabağ bizimdir!.

Vətəndaş olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar.  

Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən Xanlıqlar kəndinin igid oğlu – ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarını ziyarət ediblər. Şəhidimizin məzarına tər qərənfillər düzərək igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.   




Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan Qismət kimi igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını, qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz tərəfindən işğaldan azad olunduğunu, hər kəs tərəfindən Qələbə, Zəfər dolu anların bu gün də qürur hissi ilə xatırlandığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Şəhidlərimizi gələcək nəsillərə tanıtmağın ən ümdə iş olduğunu vurğulayıb. 




Şəhid leytenant Həməşəyev Qismət Oruc oğlu


Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış,leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən "AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı yoxdur.

Bütün şəhidlərimiz kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif olunmuşdur.





GOYEZEN.AZ


Geri qayıt