Qazaxlı gənclər tərəfindən "Ana dilimiz" silsilə tədbirləri çərçivəsində maarifləndirici aksiya təşkil olunub
Avqustun
1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar
gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına
əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan
əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin
edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi
həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq
imzalayıb. Sovet
dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili
mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının
tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm
kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud
təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi
istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək
lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya
dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli
Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin
2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr
olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin
təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu
dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan
dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu
cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin
inkişafında böyük addım oldu. Müasir
müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu sahədə
xeyli işlər görülüb. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi
təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin
səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il
iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”, həmin il avqustun 9-da imzaladığı "Azərbaycan Əlifbası və Azərbaycan
Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və
inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü
il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı
istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana
dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti
Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin
başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər
il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı
hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da "Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə
tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana
dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir
dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il
9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü
olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm
tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və
tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının
yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində
fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq
səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin "Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin
inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi
əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də
imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı
ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq
edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi,
siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan
biridir. Xatırladaq
ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər
Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz
altmışdan çox saytın dili ilə bağlı monitorinq aparıb və nəticələrin əks
olunduğu hesabatı kitab şəklində nəşr etdirib. 1 Avqust - Azərbaycan Dili və
Əlifbası Günü respublikamızın hər yerində
olduğu kimi Qazaxda da qeyd edilib. Avqustun 1-də Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin gənc könüllüləri tərəfindən əlamətdar gün münasibətilə "Ana dilimiz" silsilə
tədbirləri çərçivəsində maarifləndirici aksiya təşkil olunub. Gənclərimiz vətəndaşları dövlət dilinin qaydalarına
əməl etməyə, sözləri orfoqrafik qaydaya uyğun olaraq yazmağa səsləyib. "Gəlin,
dilimizi qoruyaq, dilimizdə gözəl danışaq, dilimizdə gözəl yazaq!” şüarı ilə
maarifləndirici söhbətlər aparıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş