Qazaxda “Aprel qəhrəmanları” başlığı altında onlayn tədbir keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Aprel qəhrəmanları” başlığı altında onlayn tədbir keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Ümumilikdə 83 nəfərin iştirak etdiyi onlayn tədbirdə əvvəlcə Aprel döyüşləri zamanı şəhid olmuş Qazax rayonunun Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
V.Nəbiyev çıxış edərək qeyd edib ki, aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə hücumu ilə təxribatların qarşısını aldı və döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bu Aprel döyüşləri kimi tarixə düşdü və bu hadisə qələbə zəfərimizin başlanğıcı oldu. V.Nəbiyev bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Qürurverici hal ondan ibarətdir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.
Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin müəllimi Tərlan Bədəlova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin müfəttişi Elmar Məmmədov, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Ruhəngiz Yusifova və Tutu Qocayevamövzu ətrafında çıxış ediblər. Bu gün hər bir azərbaycanlının beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi duyduqlarını bildiriblər. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna minnətdar olduğumuzu bir daha diqqətə çatdırıblar.
Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Məleykə Alməmmədova şəhidlərə həsr edilmiş şeir söyləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş