Qazaxda “Erkən nigah və onun yaratdığı fəsadlar” mövzusunda vebinar keçirilib
Dekabrın 14-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Erkən nigah və onun yaratdığı fəsadlar” mövzusunda vebinar keçirilib. 84 nəfərin iştirak etdiyi vebinarda erkən nikahın fəsadları haqqında gənclərə ətraflı məlumat verilib.
Vebinarı giriş sözü ilə Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov açaraq gəncləri bu mövzuda maariflənməyə dəvət edib. V.Hüseynov erkən nikahın qarşısının alınması istiqamətində görülən işlərdən söz açaraq bu məsələ ilə bağlı yeniyetmə və gənclərimizin, onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda qurulan nikahların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğunu bildirib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək təhsilin gənclərin həyatındakı önəmli rolundan danışıb. Erkən nikah hallarının acı nəticələrindən söz açaraq bu sahədə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıb. Yeniyetmə və gənclərlə bu cür maarifləndirici söhbətlərin aparılmasını yüksək qiymətləndirib, gəncləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıb.
Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova çıxışında erkən nigah və onun törətdiyi fəsadların psixoloji təsirləri barədə gəncləri məlumatlandırıb.
Sonda vebinar iştirakçılarından könüllü Şəhadət Abbasov və tələbə Aysun Məmmədova mövzu ətrafında öz fikirlərini bölüşüblər.
GOYEZEN.AZ
Facebook-da paylaş