Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər"i şəhid Süleyman Süleymanovun məzarını ziyarət ediblər
Ermənistanla 168 km məsafədə sərhəddi olan Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə şəhid verib. Bu gün rayonun 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən torpağı daim var olsun deyə qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizdən biri də Süleymanov Süleyman Elçin oğludur. O, 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə Ağdam rayonunda başlayıb. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən snayperlə vurularaq şəhid olub. Martın 3-də şəhid Süleyman Süleymanov doğulduğu Daş Salahlı kəndində Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin adına böyüdüyü kənddə Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilib.
Bəli, bu gün şəhid Süleyman Süleymanovun şəhidlik adlı zirvəyə ucaldığı gündən 3 il ötür. Lakin O, hər zaman qazaxlıların, Daş Salahlıların qəlbində əbədi olaraq yaşayır.
Həmişə olduğu kimi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, "Gənc Könüllülər"i və aktiv gənclər öz ənənələrinə sadiq qalaraq bu gün Daş Salahlı kənd Şəhidlər xiyabanında şəhid Süleyman Süleymanovun məzarını ziyarət ediblər. Gənclər igid Vətən oğlunun məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri ilə birlikdə onun keçdiyi döyüş yoluna nəzər salıb, göstərdiyi şücaətdən söhbət açıblar.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, valideynlərinə bir daha başsağlığı verib. Süleyman Süleymanov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək götürdüklərini bildirən mərkəzin direktoru bu cür ziyarətlərin mütəmadi olaraq təşkil olunduğunu qeyd edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb.
Şəhid atası Elçin Süleymanov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizə göstərilən səmimi münasibətdən söz açıb. Ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Gənclərin bugünkü addımını yüksək qiymətləndirən şəhid atası ailəsi adından təşəkkürünü ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş