Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib
Bu gün Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn
Gününə həsr olunmuş "Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. Tədbirdə Bakı
Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin tələbələri, fəal gənclər və könüllülər iştirak ediblər. İlk olaraq 20 Yanvar
şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan
Qazax GİKM-in əməkdaşı Abuhəyat Əfəndi 20 Yanvar hadisələrindən 30 il ötdüyünü,
keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı
həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən
biri olduğunu qeyd edib. 1990-cı ilin 20 yanvarında ölkəmizdə
öz müstəqilliyi uğrunda mübarizə aparan dinc insanlara qarşı törədilən vəhşiliklərdən
30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu qəhrəmanlıq tarixini dərin minnətdarlıqla
qeyd etdiyini vurğulayıb. Faciə qurbanlarının hörmət və ehtiramla yad olunduğunu
bildirib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də o
qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə diqqət və qayğı göstərilməyə
başlanıldığını, onların sosial-məişət problemlərinin həllinin daim diqqət mərkəzində
saxlanıldığını söyləyib. Ən əsası da bu faciəyə məhz Ulu Öndər tərəfindən ilk dəfə
siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Dahi şəxsiyyətin siyasi
kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı,
suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərdiyini, faciənin
30-cu ildönümü ilə əlaqədar Sərəncam imzaladığını bildirib. Qeyd edib ki, bu
cür tədbirlərin keçirilməsində məqsəd qəhrəmanlıq tariximiz olan 20 Yanvarın
müstəqilliyimizin qazanılmasında rolunun gənc nəsillərə bir daha
çatdırılmasıdır.
Sonra BDU-nun Qazax
filialının tələbələri Aytac İbrahimova, Ümid Abbasov, Elmir Həsənov
və Fədail Paşazadə 20 Yanvar faciəsinin tarixi haqqında fikirlər səsləndirib,
müstəqilliyin gənc nəsil üçün miras olduğundan, bu mirasın qorunub saxlanılmasının
vacibliyindən söz açıblar. Bildirilib ki, bir daha belə hadisələrin yaşanmaması
üçün gənclik öz müqəddəratını düzgün müəyyənləşdirməlidir. GOYEZEN.AZ
Facebook-da paylaş