Gənclər Həmrəylik Gününü və Yeni ili böyük təntənə ilə qeyd ediblər
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin
dəstəyi, rayon Gənclər və İdman İdarəsinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin,
2 saylı Uşaq Musiqi Məktəbinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon
Komitəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə bayram tədbiri keçirilib. Qazax
Olimpiya İdman Kompleksində baş tutan tədbirdə gənclərin müxtəlif təbəqələri təmsil
olunmaqla 100 nəfər gənc iştirak edib.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə
açaraq qarşıdan gələn əlamətdar günlər münasibətilə xalqımızı, rayon sakinlərini
və tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Gənclərə göstərilən
dövlət qayğısından danışaraq yola saldığımız 2018-ci ilin ölkəmiz, eləcə də
rayonumuz üçün uğurlu bir il olduğunu bildirib. İstər idman, istərsə də gənclərlə
iş sahəsində uğurlu göstəricilərin əldə edildiyini diqqətə çatdırıb. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov bayram tədbirində
çıxış edərək gəncləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər
siyasəti uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin
nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, fəal gənc rəssam Akif Əmirov, N saylı
Hərbi Hissənin mayoru Tariyel Didarov, Qarabağ Müharibəsi Veteranları və Şəhid
Ailələri İctimai Birliyinin üzvü, Qarabağ qazisi Namiq Alıyev çıxış edərək
2018-ci ilin respublikamız üçün uğurlu il olduğunu vurğulayıblar. Çıxış edənlər
bu uğurların rayonumuzdan da yan keçmədiyini nəzərə çatdıraraq 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini
çatdırıblar. Sonra
tədbir bayrama həsr olunmuş konsert proqramı ilə davam etdirilib. Aparıcılar
Cavid Nağızadə və Nərmin Kərimovanın Şaxta babanı və Qar qızı səhnəyə dəvət etməsi
tədbirə böyük bir coşqu qatıb. Gənc
meyxanaçı Əmir Qazaxlının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən
Süleyman Hacıyevin gitarada, Röyal Namazovun sazda ifa etdikləri bir-birindən şən-şux
mahnılar, həvəskar rəqs qrupunun rəngarəng çıxışları, tələbələrin nümayiş
etdirdikləri səhnəciklər tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb. Sonda
tədbir iştirakçılarına yeni il hədiyyələri paylanılıb. GOYEZEN.AZ
Facebook-da paylaş