Ziyalı adını daim uca tutan qazaxlı şair Cavanşir Rüstəmin bu gün 70 yaşı tamam olur
Bu gün bütün dünyada Qərbin qapısı sayılan, sazın, sözün beşiyi hesab edilən, tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda hər kəs sözə böyük qiymət verir, sözdən böyük güc alır. Ziyalı adını daim uca tutmaq üçün ömrünü, həyatını bu ad uğrunda sərf edir. Vətəni, dövləti, xalqı üçün ziyalı adının nə qədər böyük önəm daşıdığını fəaliyyəti dövründə öz əməlləri ilə sübut edir.
Ziyalı sözünün qüdrətinə, bu kəlmənin böyüklüyünə dəyər verib yüksək qiymətləndirən ziyalılarımızdan biri də Rüstəmov Cavanşir Hüseyn oğludur.
Hər kəsin qazaxlı şair Cavanşir Rüstəm kimi tanıdığı dəyərli insanın bu gün 70 yaşı tamam olur.
Rüstəmov Cavanşir Hüseyn oğlu 15 yanvar 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olub. 1975-ci ildə Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universitetini) bitirib. 1975-ci ildən təyinatla Ağstafa rayon M.Əhmədov adına Pirili kənd tam orta məktəbində 3 il müəllim işləyib. 1978-ci ildən Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirib. Uzun illər tədris etdiyi fənni şagirdlərinə sevdirən Cavanşir müəllim bu gün təqaüddə olmasına baxmayaraq şagirdlərini unutmur. 2016-cı ilin iyun ayından təqaüddə olan Cavanşir müəllim çalışdığı məktəblə, həmkarları ilə əlaqəsini kəsmir. Ziyalı müəllim kimi hər zaman onlara məsləhətlərini verir, ağsaqqal nəsihətini onlardan əsirgəmir.
Müəllim kimi çalışdığı dövrdə pedaqoji işində səmərəli fəaliyyətinə görə Qazax Rayon Təhsil Şöbəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilən Cavanşir müəllim bu gün də unudulmur.
Əmək veteranı və "Qızıl qələm” mükafatı laureatı olan Cavanşir müəllimin ziyalı kimi sözünə hər zaman yüksək qiymət verilir.
Cavanşir müəllim bu gün mətbuatda pedaqoji, bədii və publisistik yazılarla da çıxış edir. Şeirləri "Şairlər qapıda növbə gözləyir”, "Bu dünyada qalan sözdü”, "Qazaxdadır”, "Kim kimdir”, "Şərəfli ömür yolçuları” şeirlər toplusunda dərc olunub. "Dərdim saçlarımda cücərib mənim”, "Hər ürəyə köçmərəm mən”, "Pəncərəmi döyür bahar”, "Söz mənim yox, Allahındır” şeir kitablarının müəllifidir. "Ömrün payızı” şeirlər kitabı şairin beşinci kitabıdır.
Təqaüddə olan ziyalı müəllim kimi hər zaman rayonun ictimai-siyasi, mədəni tədbirlərində yaxından iştirak edir. Hazırda Qazax rayonunun Kosalar kəndində yaşayan Cavanşir müəllim 2 oğul, 1 qız atasıdır. 6 nəvə sahibidir.
Hər kəsə o da yaxşı məlumdur ki, Qazaxda bütün sahələrə böyük diqqət və qayğı var. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən ziyalılarımıza, şairlərimizə, saz-söz adamlarına, onların fəaliyyətinə hər zaman yüksək qiymət verib. Şairlər vətəni sayılan Qazaxda elə bir şair və yazıçı yoxdur ki, onun yubileyi, doğum günü qeyd edilməsin, yaradıcılıq gecəsi keçirilməsin. Ziyalılarımıza daim qayğı göstərən rayon rəhbərliyi əlamətdar günlərdə onları təbrik etməyi də diqqətdən kənarda qoymur.
Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Cavanşir Rüstəmovla telefon əlaqəsi saxlayıb, onu 70 illik yubileyi münasibətilə təbrik edib. Səmimi ürək sözlərini çatdıraraq cansağlığı, uzun ömür və gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Yubilyar Cavanşir Rüstəm ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Bugünkü təbriki qazaxlı ziyalılarımıza verilən dəyər kimi qiymətləndirib.
Qələbə günü
Ay ellər, obalar gözünüz aydın,
Sevinir dostların, xar olur yadın,
Qəhrəman xalq kimi çəkilir adın.
Xalqımızın gözü sevinclə dolsun!
Qələbə günümüz mübarək olsun!
Ali Baş Komandan igid Sərkərdə,
Son qoydu illərlə çəkilən dərdə,
Oğul görməmişdik biz bu hünərdə,
Xalqımızın gözü sevinclə dolsun!
Qələbə günümüz mübarək olsun!
Salam Qarabağım, salam ay Şuşa,
Üçrəngli bayraqla durmusan qoşa,
Yaşa Azərbaycan, sən bütöv yaşa,
Xalqımızın gözü sevinclə dolsun!
Qələbə günümüz mübarək olsun!
GOYEZEN.AZ
Facebook-da paylaş