Xalqın yazıçısı – xalq yazıçısı
İsmayıl Şıxlı haqqında xatirə yazmaq ehtiyacı qarşıma çıxmışdır. Nədən başlamaqda, nələri əhatə etməkdə çətinlik çəkirəm. O İsmayıldan söhbət açmalıyam ki, əsrimizin əllinci illərində ədəbiyyatımıza çox sürətlə daxil olmuş, əsərlərinin sayından daha artıq keyfiyyətinə görə bu meydanda sürətlə aparıcı şəxsiyyətə çevrilmişdir. O İsmayıldan ki, uzun müddət ədəbiyyatımızın təşkilatçısı mövqeyində görünmüşdür. O İsmayıldan ki, nəhəng S.Vurğunun, M.Hüseynin, O.Sarıvəllinin, M.İbrahimovun, S.Rəhimovun, Ə.Əbülhəsənin, R.Rzanın, M.Rahimin müasiridir, həmin şəxsiyyətlərlə birgə sənətin yönünü, milli-mənəvi əsaslarını müəyyənləşdirməkdə iştirak etmişdir. O İsmayıldan ki, söz sənətimizin monumental abidəsi hesab edilən "Dəli Kür" romanının müəllifidir. O İsmayıldan ki, təmizlik, paklıq mücəssiməsi idi, şəxsiyyət kimi yazdıqlarından - ədəbi xidmətlərindən çox-çox yüksəkdə dayanırdı. O İsmayıldan ki, 37 il həyatı sərasər həyatımın tərkibində olmuşdur.
İllərlə fərqinə varmadığımız bir qığılcım sürətlə keçib getdi. Bizim gəncliyimiz və gözəl günlərimizi əlimizdən aldı, indi mənim də ixtiyar vaxtlarımdır, bu aqillik dövrü hesab edilir. Özümün az-çox yetkinliyim barədə düşünərkən bu yetkinlik təminatlarında İsmayıl Şıxlının xeyli töhfəsi olduğunu etiraf edirəm. O, millətin müdriklik, aqillik damarından peyda olmuşdu. Tarixi milli əsilliyimizin daşıyıcısı idi. Əsərləri və eləcə də şəxsi keyfiyyətləri ilə milli-bəşəri əxlaqı tələbələri və digər müasirləri arasında bölüşürdü. Bugünkü kütləvi mənəviyyatımızda yaxşı nə varsa burada xeyirxah, nəcib, böyük İsmayıl Şıxlının yadigarlarını tapmaq mümkündür.
Biz 37 il birgə olmuşuq. Budur, "Kerç suları"ndakı lirikası, kövrəkliyi və həssas, zərif qəlbi ilə varlığıma hopmuş arıq, ucaboylu, parlaq baxışlı, yumşaq, qıvrım saçları olan, qarayanız müəllimimiz auditoriyaya daxil olur və Qərb ədəbiyyatından mühazirəyə başlayır. 1953-cü ildir. Mən Lenin adına APİ-nin I kurs tələbəsiyəm. Yaddaşımda ilk tanışlığın təəssüratları güclüdür, bu gün də xatirimdə ilk müşahidəmin İsmayıl Şıxlısı yaşayır. Demək olar ki, heç vaxt İsmayıl müəllimin ahıl, ixtiyar vaxtlarını görə bilmirəm, ölümünə də inanmıram. Ötən illərin hər məqamında mən İsmayıl Şıxlıya ilk tanışlığın, ilk
müşahidənin İ.Şıxlısı kimi - təzə, təravətli, təsirli, gənc, qocalmaz, üzülməz bir İsmayıl Şıxlısı kimi baxmışam. Sevilməli olanlar, ölməzlər, ürəkdə ilk müşahidənin cizgiləri kimi daha çox qalır.
İsmayıl müəllim gənc ədəbi qüvvələrin yetişməsinə, istedadların pərvazına müstəsna əhəmiyyət verirdi. Mən I kursdan onun "Gənc yazıçılar" dərnəyinə üzv edilmişdim. Bizim dərnək ədəbiyyatımıza müxtəlif səviyyələrdən istedadlar bəxş etdi. Sərdar Əsəd, Məmməd Araz, İlyas Tapdıq, Yusif Həsənbəy, Kələntər Kələntərov, Məstan Əliyev (Günər)... Bunların hansının yaradıcılığında bir ovuc işıq varsa, birinci növbədə İsmayıl Şıxlıya minnətdar ola bilər. Mən şəxsən ilkin pərvazıma görə İsmayıl Şıxlıya minnətdaram. Dərnəkdə bəyənilən əsərləri redaksiyalara özü şəxsən təqdim edirdi. Ümid verən yazılar barədə nüfuzlu ədiblər arasında fikir yaradır, beləliklə, gənc yazarların istedad kimi təsdiqinə, nəşr və mənzil ehtiyaclarının ödənməsinə çalışırdı. Səbəbini tapa bilmirəm ki, nəyə görə biz çox tez qaynayıb-qarışa bildik. İnstitutda pis oxumurdum, imtahan vaxtı iki müəllimim - Şıxəli Qurbanov və İsmayıl Şıxlı mənə bilet çəkdirmədən qiymət yazardı. Bəlkə bu səbəbdən biliyimə görə idi yaxınlığımız? Tələbənin hazırlığı onu müəlliminə sevdirir. Şeirlərimdə milli şeirin ətri vardı. Güman edirəm ki, bu da xoşuna gəlirdi İsmayıl müəllimin. Barmaqlarımın yumşaq vaxtları idi. Qəlbimin məhəbbətli çağlarıydı, yaxşı saz çalırdım. Bu da şübhəsiz ki, yaxınlıq şərtlərindən idi. Bizi birləşdirən əsas cəhət üzərində bu xatirəni yazarkən bir daha düşünməli oldum. Bu qənaətdəyəm ki, birinci növbədə ədəbiyyatımız üçün yeni nəslin yetişdirilməsi idealı İsmayıl müəllimi mənə bağlamışdı. Onun dərnəyinə toplaşanların demək olar ki, əksəriyyəti ilə İsmayıl müəllimin qəlbdən bağlılığı vardı. Çoxumuzun elçiliyini elədi, çoxumuzun toyunu təşkil etdi, çoxumuzun kitabını buraxdırdı, çoxlarımız üçün mənzil xahişinə getdi... Yenə, necə olsa da başqalarına baxanda mənimlə İsmayıl Şıxlını müstəsna tellər birləşdirirdi. Mən institutun axırıncı kursunda oxuyarkən demək olar ki, bir növ aramızda yaş fərqi silinib getmişdi.
İsmayıl müəllimlə canbir, qəlbbir yazıçılardan birinin baldızını sevirdim. Həmin ailədə söz düşəndə, müəllimim məni tərifləmişdi və bununla da razılıq alınmış, nişan məsələsi həll edilmişdi. Biz həmin ailədə tez-tez görüşürdük. Böyük yazıçının həyat yoldaşını, ümumən qadınlığa nümunə ola biləcək Ümidə xanımı ilk dəfə bu ailədə görmüşəm. Mən yeni mühitə düşmüşdüm, süfrə ətrafında fərdi söhbətlər az olardı. İsa Hüseynov, onun qadını Firuzə xanım, İsmayıl müəllim, Ümidə Şıxlı əsasən sənət söhbətləri eləyirdilər. Mən bu söhbətlərdən M.Şoloxovun, A.Fadeyevin, Ç.Aytmatovun, eləcə də bu qəbildən keçmiş sovet ədəbiyyatının korifeylərinin həyatına və yaradıcılığına məxsus həqiqətləri mənimsəyirdim.
Daha çox öz ədəbiyyatımızın korifeyləri - S.Vurğun, C.Cabbarlı, M.Hüseyn, O.Sarıvəlli, Ə.Əbülhəsən, S.Rəhimov söhbətlərin mövzusu olardı. M.Hüseyn İsa Hüseynovun ilk povestlərini yüksək qiymətləndirirdi. Bu qiymətli süfrə ətrafı söhbətlərdə mən dərk edirdim ki, zaman ədəbiyyatımızın istiqamətində və keyfiyyətində dönüşlər yaradır. Sənət dekorativ kəsərlərdən əl çəkir, əsl döyüş qılıncını qınından çəkib, ictimai fəlakətlərin üzərinə atılır, əllinci illərə qədərki tipik çal-çağır meyllərini atır, toy-düyün libasından əl çəkib, cərrah cəsarəti ilə göz yaşlarının köklərində təşrihlərə gedir. Nəsrin ictimai fərəhlər tərənnümü sərniyir, ictimai dərdlərə nüfuz etmək dövrü başlanır. Ədəbiyyatda sadələrin, sarsılmışların etirazlı obrazları çoxalır... İsa Hüseynovun "Bizim qızlar" povesti bunu söyləməkdə idi. Və İsa Hüseynovun ilk povestləri ilə yeni istedadlı nəslin nümayəndələrinə - hazırda məşhur yazıçılar kimi tanıdığımız nasirlərin əksəriyyətinə ədəbiyyatın yeni ənənə varisliyi töhvə edilmiş oldu.
Hüseynovlar ailəsi ilə qohumluq, təbii ki, bu ailəyə möhkəm tellərlə bağlı olan İsmayıl Şıxlını mənimlə daha artıq doğmalığa doğru aparırdı.
Bizim ailələrdə uşaqlar dünyaya gəldi - Elçin, Nilufər, Fərrux, Şahanə. İsagilin uşağı olmurdu. İsmayıl müəllim bunun dərdini çox çəkirdi. Bizim dərnək üzvlərindən biri övladsız ailə haqqında poema yazmışdı. Əsərdə ər-arvad uşaq evindən övlad götürmüşdülər... İsmayıl müəllim çalışırdı ki, bu əsər dərc edilsin və Hüseynovlar ailəsinə nəyi isə xatırlatsın, bu ailənin övlad qəmi yumşalsın. Taleyin qismətindən İsa Hüseynovun da övladı oldu - Sevinc. Sonrakı illəri biz üç ailə birlikdə keçirdik. Evlərimiz ayrı idi, yeyib-içməyimiz, şadlığımız-şuxluğumuz bir olardı. Məclislərə, teatr tamaşalarına, kinoteatrlara, gəzintilərə, yay istirahətinə birlikdə gedərdik. Daha çox Şimali Qafqazda - Nalçikdə dincələrdik. Bu üç ailə Nalçikə mütləq bizim Tovuzdan keçib gedərdi. Hərbi Gürcüstan yolunun təhlükəli döngələrindən, təhlükəli tunnellərindən keçib gedərdi. Tovuza dönmədən, bizim Əsrik-Cırdaxan kəndində mənim anam Telxanım xanımın qurutlu xəngəlini dadmadan Nalçikə yollanmaq olmazdı. Birgə həyatımızın ötən dövrləri cildlərə sığmazdır. Mən İsmayıl Şıxlıya məxsus bəzi tipik cəhətlər üzərində dayanmaq istərdim.
İstedad və ədəbiyyatdan tələbi
Əli qələm tutanların hər birində təbiiliyə hörmət, ilkinliyə məhəbbət görməyi İsmayıl müəllim xoşlayırdı. Ondan ötrü yaradıcı şəxsin hər birində qəlbin səsini dinləmək birinci şərt idi. Bir dəfə mən sərbəst şeirə keçmişdim. Mao Tsze-Dun haqqında yazmışdım. İsmayıl müəllimin baxışlarında istehza duydum. Soruşdu:
- Mao Tsze-Dunla harda qurutlu xəngəl yeyibsən?
Kifayət idi. "Özünə qayıt" deyirdi.
Mən nişanlı olanda mənim adım - "Məstan" sözü təzə qohumlarımın bir elə də döşünə yatmırdı. Bu vaxtlar mənim ilk "Qartal" kitabım çapa getməli idi. Məsləhət görüldü ki, "Məstanı" "Məsum" eləyim. Çarəsizlikdən belə də elədim. Qorxdum ki, bu "Məstan" məsələsinə görə qızı mənə verməzlər. "Məsum Əliyev" - təbii ki, ilk nüsxəni İsmayıl müəllimə bağışladım. Üz qabığına baxıb soruşdu:
- Bu "Məsum Əliyev" kimdir?
Dinmədim.
Dedi:
- Sənə "Məstan" adını kim qoyub, ata-anan, ya Firuzə?
Dedim:
- Baldızıma "Məsum" xoş gəlir.
Durub kitab rəfinə əl gəzdirdi. "Azərbaycan nağılları"nın 3 cildliyini gətirdi. "Məstan" xalq nağılını açıb qarşıma qoydu.
- Oxu. - dedi - Məstan xalq qəhrəmanı olub və sənin bir eloğlun da, Məstan Astan oğlu Əliyev Sovet İttifaqı Qəhrəmanıdır. Xalq yəni bu qədər ağılsızdır ki, övladlarına biədəb adlar verir?! "Məstan" fars sözüdür. "Məst" - kobud desək: "Sərxoş, mürgülü, yuxulu", "an" - cəm şəkilçisidir. "Məst" və "an" birlikdə obrazlı sözlə desək "sərxoşlar sərxoşu" təsəvvürünü yaradır. Rəhmətlik Şaiq müəllim bir pişiyi təsvir edərkən, ona "Məstan"ı çox-çox sonralar yaraşdırıb. Get, kökünə qayıt, adını özünə qaytar.
Əsəbləşmişdi. Səsini mümkün qədər yumşaldıb, ağır söz dedi:
- Səndən adam olmayacaq.
İlk kitabdan sonra öz adımla şeirlər dərc edilənə qədər İsmayıl müəllimin üzünə baxa bilmədim. Ümidə xanım deyirdi:
- Nə istəyirsən bu uşaqdan? "Məsumun nəyi pisdir?
Yox, mən kitablarımda Məstan olaraq qaldım. Əvvəllər Məstan Əliyev, sonralar Məstan və axırda Məstan Günər.
İsmayıl Şıxlı sənətdə ürəyin səsinə böyük əhəmiyyət verirdi. Ədəbiyyatımızda nəsrin təşəkkülünü çox arzu edirdi. Onun rəhbərlik etdiyi dərnək isə şairlər yetişdirirdi. İsmayıl müəllim heç kəsə səmtini dəyişməyi tövsiyə etməzdi. Ədəbi vicdan qayğıları İsmayıl Şıxlını tərk etməzdi. Mətbuatda İsa Hüseynovun "Yanar ürək" povestinə qarşı qərəzli hücumlar onun qəlbini ağrıdırdı. Araşdırma və tədqiqatlarda Ə.Əbülhəsənə sərin, biganəlik, soyuq münasibət, onu narahat edirdi. Bu barədə söz düşəndə deyirdi:
- Vəzifəsiz yazıçılara gün yoxdur.
İsmayıl müəllim heç kəsdə ədəbi vicdan itkisi görmək istəməzdi. 80-ci illərdə mənim "Mən bir durna qatarında" kitabım ədəbi haqsızlığa məruz qaldı. İsmayıl müəllim bu haqsızlığa öz vicdanının səsi ilə cavab verdi.
Bir axşam İsmayıl müəllimgilə getdim. Məni dəhlizdə qarşıladı. Görüşdük. Sonra üzünü qonşu otağa tutub:
- Ay Ümidə, uşağı gətir, Məstan görsün, - dedi.
İsmayıl müəllim təzəcə baba olmuşdu. Elçinin körpəsi dünyaya gəlmişdi. Ümidə xanım biz əyləşən otağa keçib:
- Ədə, hardasan, görünmürsən? - dedi - Aya, günə dönübsən.
Çağanı qolları üstündə gəlin gətirdi. Uşağı öpdüm, gəlin getdi.
İsmayıl müəllim:
- Gəl bir az gidi dünyanı dinləyək, - dedi.
Maqnitafonu qurdu. Zəif, fəqət ürəyi dağlayan, həzin, kövrək səslə hansı türk aşığı isə oxuyurdu. Haqsızlıq haqqında, fanilik haqqında, gəldi-gedərlik haqqında oxuyurdu. İnsanı səbrə çağırırdı. İlk dəfə mən İsmayıl müəllimin ağladığını gördüm. Güman edirəm ki, haqsızın qələbəsinə, haqlının faciəsinə ağlayırdı. Baxırdım ki, məni müdafiə edə bilməyəcək. Mənim sındırılmağımla birgə şübhəsiz ki, onu sənətin qərəzkarlıq dərdləri də son dərəcə kövrəltmişdi. Dedi:
- Yuxarılarda məsələni belə qoyurlar: bir şair biabır edilib, digəri də böhtançı kimi biabır edilməsin. Hələlik Xəlilin məqaləsi qalır.
Çıxıb getdim. Bir müddət keçmiş bizə zəng çalındı.
- Xəlilin təzə kitabını oxuyubsan?
- Yox, - dedim - Oxuyaram.
- Oxu, - dedi. - Sənə şeir həsr edib: "Anası Məstanı şair doğubdur".
Ədəbiyyatdan tələbini onun əsərlərindən daha yaxşı görmək mümkündür.
"Kerç suları"nda", "Ayrılan yollar"da, "Dəli Kür"də, "Ölən dünyam"da bu tələbi görmək mümkündür. Bu tələbin nədən ibarət olduğunu sənət nöqteyi-nəzərindən xırdalamaq vaxt aparardı. Bəlkə də müzakirələr doğurardı. Qısaca, yazıçının ədəbiyyatdan tələbini belə ifadə edirdik: Sənət dövrü, insanı və xalqı, bəşəri idealı ifadə etmirsə, sənət deyil. Hər hansı əsərin ən böyük bəşəri obrazı müəllif özü olmalıdır.
Nəhayət, İsmayıl Şıxlı ancaq mənim burada təqdim etdiyimdirmi? Xeyr, bu, bir fərdin düşüncələridir. Azərbaycanda hər kəsin öz İsmayıl Şıxlısı mövcuddur. Onun büllur heykəli təsvir üçün tükənməzdir. Əsl böyük, nəhəng İsmayıl Şıxlını onun əsərlərində - bədii-fəlsəfi qənaətlərin, obrazların vəhdətiyyətində, xeyir-şər çarpışmalarında, xeyrin qələbəsi naminə əvəzsiz xidmətlərində axtarmaq lazımdır.
Analar oğul doğsun ki, İsmayıl Şıxlıya bənzəsin. Onda dünyamız natamam görünməz.
Məstan GÜNƏR,
Dövlət mükafatı laureatı, şair.
Facebook-da paylaş