• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir


Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün diqqətdə saxlanılan sahələrdən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi önəm verilir. Bunun üçün polis orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılıb.

Yaradılmış həmin mobil qrup üzvləri koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə "Dövlətə dəstək olaq”, "Qaydalara riayət edərək insanların sağlamlığını qoruyaq” şüarı altında əhali arasında maarifləndirici tədbirlər həyata keçirirlər. Əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə sakinlərlə, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək 10 nəfərdən artıq qruplarda cəmləşməmələrini, 2 metr məsafənin gözlənilməsini, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğunu və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsinə dair izahatlar veriblər.

Aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin hələ də karantin rejiminin tələblərinə ciddi yanaşmamasını müşahidə edən mobil qrup üzvləri bir daha vətəndaşlara son dərəcə diqqətli olmalarını bildiriblər. Məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş ediblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş