Qazaxda “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı sahiblərinə təqdim olunub
Bildiyiniz kimi, ötən ay Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
(DSX) əməkdaşları üçün əlamətdar oldu. Belə ki, avqustun 18-də Azərbaycan
sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə
qeyd etdilər. Bu əlamətdar tarixi gün münasibətilə Respublika Prezidenti İlham
Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin, fəxri adların
verilməsi, orden və medalların təqdim olunması bir daha sübut etdi ki, Azərbaycan
sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız
və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki
dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir. Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin 14 avqust
2019-cu il tarixli 51 nömrəli Əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin
100 illiyi (1919-2019)” yubiley medalının təsis olunması isə 100 illik tarixi
bir yol keçmiş DSX-nin yubiley tədbirinə daha bir töhfə oldu. Sevindirici
hallardan biri isə odur ki, həmin yubiley medalına Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Qazaxdan olan bir qrup şəxs də layiq
görülüb. Bu gün
Qazax Rayon İcra Hakimiyyətində "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi
(1919-2019)” yubiley medalının təqdimat mərasimi keçirilib. Akt zalında təşkil
olunan tədbirdə RİHB
aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, məktəb direktorları, ağsaqqallar,
ziyalılar, KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, DSX-nin rəisi
Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin
100 illiyi münasibətilə bir daha təbrik edib, ən xoş arzularını çatdırıb. "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi
(1919-2019)” yubiley
medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. İstər
özünə, istərsə də digər yoldaşlara yubiley medalının verilməsini qazaxlılara
verilən ən böyük qiymət kimi dəyərləndirib.
Son illər Azərbaycan
Ordusunun, xüsusilə də DSX-nin əldə etdiyi uğur və nailiyyətləri qeyd edən
rayon rəhbəri bu uğurların qazanılmasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli
sərhəd strategiyasının mühüm rol oynadığını bildirib. İcra başçısı həmin
uğurlu siyasətin bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata
keçirilməsini, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, hərbi
texnikanın və xüsusi-texniki avadanlıqların yeniləşdirilməsini, ardıcıl
həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə
inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində
mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd edib. İcra
başçısı bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndinin hələ də düşmən tapdağı
altında olduğunu, Quşçu
Ayrım, Məzəm, Cəfərli, Bala Cəfərli, Fərəhlikimi 5 kəndin isə daim düşmən gülləsinin atəşinə məruz qaldığını bildirib. Həmin
sərhəd kəndlərində sakinlərin təhlüksizliyinin təmin olunması istiqamətində
görülən işləri qeyd edən rayon rəhbəri istinad divarlarının çəkilməsini nümunə
göstərib. İcra başçısı qeyd edib ki, bu gün isə dövlətimizin qayğısı sayəsində
həmin sərhəd kəndlərinin, eləcə də digər kəndlərin sərhədçilər tərəfindən yüksək
səviyyədə qorunduğunu, insanların təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə
çatdırıb. Dövlət
Sərhəd Xidmətinin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasını
qazaxlılara, xüsusilə də sərhəddə yaşayan kənd sakinlərinə verilən ən yüksək
qiymət kimi dəyərləndirən icra başçısı həmin kənd sakinlərinin adından bir daha
ölkə başçısına, DSX-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd
Diviziyasının komandiri Müzəffər Pirizadə çıxış edərək tədbir iştirakçılarını
DSX-nin rəhbərliyi adından salamlayıb və medal sahiblərinə təbriklərini
çatdırıb. M.Pirizadə qeyd edib ki, 1919-cu
il avqust ayının 18-də parlamentdə "Azərbaycan Respublikasının gömrük
baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunun qəbul olunduğu
tarixi bu gün biz sərhədçilər peşə bayramı kimi qeyd edirik. 2002-ci ilin iyul
ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin
yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona
mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan
sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət
Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr
qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə
həll olunmasına başlanıldı. Respublika Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik
etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd
siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim
dövlət qayğısı ilə əhatə etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin
sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına,
ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani
təzahürüdür.M.Pirizadə qeyd edib ki, bu gün Azərbaycan xalqı tam əmin ola bilər ki, DSX-nin
əsgər və zabitləri də daxil olmaqla, Azərbaycanın güclü ordusu var. O ordu ki,
təkcə müdafiə üçün deyil, eyni zamanda da hücuma tam hazırdır. Ən əsası da sərhədçilər
ölkəmizin bütün sərhədlərini olduğu kimi müdafiə edir, sakinlərin təhlükəsizliyi
isə tam təmin olunur. Diviziya komandiri Qazaxda istər rayon rəhbərliyi,
istərsə də sakinlər tərəfindən sərhədçilərə göstərilən diqqət və qayğıdan, səmimi
münasibətdən də söz açıb. M.Pirizadə DSX-nin rəhbərliyi olaraq sərhədçilərə
olan bu cür səmimi münasibətə töhfə olaraq bir qrup ziyalını yubiley medalına
layiq gördüklərini bildirib. Sonra rayon rəhbəri başda olmaqla, yubiley medalına
layiq görülən Qazax
Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyevə, Qazax Müalicə Diaqnostika Mərkəzinin
baş həkimi Kamandar İbrahimova, mərkəzin şüa-diaqnostika şöbəsinin müdiri Fərhad
Nağdalıyevə, cərrahiyyə şöbəsinin müdiri Arif Əfəndiyevə, həkim
anestezioloq-reanimatoloq Ayşə Əlisgəndərovaya, Qazax RİHB-nın Kəmərli kənd İƏD
üzrə nümayəndəsi Səməd Orucova, Cəfərli kənd İƏD üzrə nümayəndəsi Şahin
Mustafayevə, Quşçu Ayrım kənd İƏD üzrə nümayəndəsinin müavini Hafiz Məmmədova,
Qaymaqlı kənd bələdiyyəsinin sədri Cəbrayıl Məmmədova və "28 №-li Yol
İstismarı” MMC-nin rəisi Kərəm Məmmədrzayevə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi
(1919-2019)” yubiley medalı təqdim olunub. Tədbirdə
iştirak edən Kəmərli kənd sakini Rəhim Rəhimov, Bala Cəfərli kənd sakini Telman
Kosayev, Məzəm kənd sakini Süleyman Süleymanov, Qızılhacılı kənd sakini, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr
müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Çaylı kənd
sakini Baxış Hüseynov çıxış edərək Azərbaycan sərhədçilərini Azərbaycan Sərhəd
Mühafizəsinin yaranmasının 100 illiyi münasibətilə bir daha təbrik ediblər. Azərbaycanın
dövlət sərhədlərinin, xüsusilə də Qazaxın sərhəd kəndlərinin layiqincə
qorunmasına görə DSX-nin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Sərhədçilərin
fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar bundan sonrakı çətin və şərəfli
işlərində uğurlar arzulayıblar. Qazax
RMX-nin baş həkimi Sevda Məmmədova da medal sahiblərini təbrik edib, Kəmərli kəndində
tibb məntəqəsinin təmir edilməsinə görə DSX-nin rəhbərliyinə xüsusi təşəkkürlərini
çatdırıb. Həmin məntəqənin təmir olunmasını sərhədçilər tərəfindən səhiyyə sahəsinə
və həmin sahədə çalışan tibb işçilərinə göstərilən qayğının əyani sübutu kimi
göstərib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun
vuraraq medal sahiblərini bir daha təbrik edib, DSX-nin əməkdaşlarına müstəqil
Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş