Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalı sahiblərinə təqdim olunub

Qazaxda “Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalı sahiblərinə təqdim olunub


12-09-2019, 21:05

Bildiyiniz kimi, ötən ay Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları üçün əlamətdar oldu. Belə ki, avqustun 18-də Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd etdilər. Bu əlamətdar tarixi gün münasibətilə Respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin, fəxri adların verilməsi, orden və medalların təqdim olunması bir daha sübut etdi ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlət­lərin tarixi həm də onların sərhədlərinin tarixidir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin 14 avqust 2019-cu il tarixli 51 nömrəli Əmri ilə "Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis olunması isə 100 illik tarixi bir yol keçmiş DSX-nin yubiley tədbirinə daha bir töhfə oldu. Sevindirici hallardan biri isə odur ki, həmin yubiley medalına Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Qazaxdan olan bir qrup şəxs də layiq görülüb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində "Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təqdimat mərasimi keçirilib. Akt zalında təşkil olunan tədbirdə RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, məktəb direktorları, ağsaqqallar, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək  tədbir iştirakçılarını salamlayıb, DSX-nin rəisi Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə bir daha təbrik edib, ən xoş arzularını çatdırıb. "Azərbaycan Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. İstər özünə, istərsə də digər yoldaşlara yubiley medalının verilməsini qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndirib.


Son illər Azərbaycan Ordusunun, xüsusilə də DSX-nin əldə etdiyi uğur və nailiyyətləri qeyd edən rayon rəhbəri bu uğurların qazanılmasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyası­nın mühüm rol oynadığını bildirib. İcra başçısı həmin uğurlu siyasətin bu gün Respubli­ka Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsini, sərhəd mühafizə infrastruk­turunun təkmil­ləş­dirilməsini, hərbi texnika­nın və xüsusi-texniki ava­danlıq­ların yeni­ləş­di­rilməsini, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd edib. İcra başçısı bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndinin hələ də düşmən tapdağı altında olduğunu, Quşçu Ayrım, Məzəm, Cəfərli, Bala Cəfərli, Fərəhlikimi 5 kəndin isə daim düşmən gülləsinin atəşinə məruz qaldığını bildirib. Həmin sərhəd kəndlərində sakinlərin təhlüksizliyinin təmin olunması istiqamətində görülən işləri qeyd edən rayon rəhbəri istinad divarlarının çəkilməsini nümunə göstərib. İcra başçısı qeyd edib ki, bu gün isə dövlətimizin qayğısı sayəsində həmin sərhəd kəndlərinin, eləcə də digər kəndlərin sərhədçilər tərəfindən yüksək səviyyədə qorunduğunu, insanların təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdırıb. Dövlət Sərhəd Xidmətinin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasını qazaxlılara, xüsusilə də sərhəddə yaşayan kənd sakinlərinə verilən ən yüksək qiymət kimi dəyərləndirən icra başçısı həmin kənd sakinlərinin adından bir daha ölkə başçısına, DSX-nin rəhbərliyinə minnətdarlığını bildirib.

 

Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri Müzəffər Pirizadə çıxış edərək tədbir iştirakçılarını DSX-nin rəhbərliyi adından salamlayıb və medal sahiblərinə təbriklərini çatdırıb. M.Pirizadə qeyd edib ki, 1919-cu il avqust ayının 18-də parlamentdə "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanunun qəbul olunduğu tarixi bu gün biz sərhədçilər peşə bayramı kimi qeyd edirik. 2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı. Respublika Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.M.Pirizadə qeyd edib ki, bu gün Azərbaycan xalqı tam əmin ola bilər ki, DSX-nin əsgər və zabitləri də daxil olmaqla, Azərbaycanın güclü ordusu var. O ordu ki, təkcə müdafiə üçün deyil, eyni zamanda da hücuma tam hazırdır. Ən əsası da sərhədçilər ölkəmizin bütün sərhədlərini olduğu kimi müdafiə edir, sakinlərin təhlükəsizliyi isə tam təmin olunur.

Diviziya komandiri Qazaxda istər rayon rəhbərliyi, istərsə də sakinlər tərəfindən sərhədçilərə göstərilən diqqət və qayğıdan, səmimi münasibətdən də söz açıb. M.Pirizadə DSX-nin rəhbərliyi olaraq sərhədçilərə olan bu cür səmimi münasibətə töhfə olaraq bir qrup ziyalını yubiley medalına layiq gördüklərini bildirib.

Sonra rayon rəhbəri başda olmaqla, yubiley medalına layiq görülən Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyevə, Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimova, mərkəzin şüa-diaqnostika şöbəsinin müdiri Fərhad Nağdalıyevə, cərrahiyyə şöbəsinin müdiri Arif Əfəndiyevə, həkim anestezioloq-reanimatoloq Ayşə Əlisgəndərovaya, Qazax RİHB-nın Kəmərli kənd İƏD üzrə nümayəndəsi Səməd Orucova, Cəfərli kənd İƏD üzrə nümayəndəsi Şahin Mustafayevə, Quşçu Ayrım kənd İƏD üzrə nümayəndəsinin müavini Hafiz Məmmədova, Qaymaqlı kənd bələdiyyəsinin sədri Cəbrayıl Məmmədova və "28 №-li Yol İstismarı” MMC-nin rəisi Kərəm Məmmədrzayevə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

 

Tədbirdə iştirak edən Kəmərli kənd sakini Rəhim Rəhimov, Bala Cəfərli kənd sakini Telman Kosayev, Məzəm kənd sakini Süleyman Süleymanov, Qızılhacılı kənd sakini, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Çaylı kənd sakini Baxış Hüseynov çıxış edərək Azərbaycan sərhədçilərini Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi münasibətilə bir daha təbrik ediblər. Azərbaycanın dövlət sərhədlərinin, xüsusilə də Qazaxın sərhəd kəndlərinin layiqincə qorunmasına görə DSX-nin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Sərhədçilərin fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar bundan sonrakı çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Qazax RMX-nin baş həkimi Sevda Məmmədova da medal sahiblərini təbrik edib, Kəmərli kəndində tibb məntəqəsinin təmir edilməsinə görə DSX-nin rəhbərliyinə xüsusi təşəkkürlərini çatdırıb. Həmin məntəqənin təmir olunmasını sərhədçilər tərəfindən səhiyyə sahəsinə və həmin sahədə çalışan tibb işçilərinə göstərilən qayğının əyani sübutu kimi göstərib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq medal sahiblərini bir daha təbrik edib, DSX-nin əməkdaşlarına müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.















 

GOYEZEN.AZ


Geri qayıt