• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Milli Qəhrəman Firuddin Şamoyevin doğum günündə məzarını ziyarət ediblər


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin doğum günü ilə əlaqədar olaraq Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə könüllülər və aktiv gənclər şəhidin məzarını ziyarət ediblər. Gənclər Qazax şəhər qəbiristanlığında qəhrəmanın məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər. F.Şamoyev kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək götürdüklərini bildirən gənclər bu cür ziyarətlərin mütəmadi olaraq təşkil olunacağını qeyd ediblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıblar. 


Qeyd edək ki, Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirir. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur.




GOYEZEN.AZ



Facebook-da paylaş