Vətən naminə canlarını fəda edənlər heç vaxt unudulmurlar
Vətən naminə canlarını fəda edən, torpaqlarının ərazi
bütövlüyü yolunda öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan
şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Vətən oğul və qızlarının keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda
vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yad etmək isə hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən
gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən
tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən
uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin
xatirəsi isə hər zaman əziz tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi
bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan
diqqət və qayğı bunun bariz nümunəsidir. İcra başçısının rəhbər kimi təyin
olunduğu ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə
üzvlərinə daim qayğı ilə yanaşması, son iki il yarımda şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi,
xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq
işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu
istiqamətdə görülən əməli işlərin əyani sübutudur. Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu
müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla
yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin
öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq
xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə
Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin
ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı olaraq Vətən
uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Firuddin Şamoyevin, Akif Bəbirovun, Vüqar
Nəbiyevin, Rövşən Pənahovun, Ziyad Məmmədovun, Səhlədar Məhərrəmovun, Ürfət
Bənnayevin, Xədicə Kazımovanın, Elşən Cəfərovun, Adil Məmmədovun əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şamoyev Firuddin
İsa oğlu Şamoyev
Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan
olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon
Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis
olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində
çilingər kimi işə başlayır. Ermənilərin
1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı
cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə
hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə
axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş
içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə
yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə
təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım
və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş
nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13
aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli
idi. Üç övladı yadigar qalıb. Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci
il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax
şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax
şəhər 4 saylı tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını
daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən
bulaq-abidə kompleksi inşa olunmuşdur. Bəbirov Akif Ələddin
oğlu Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax
rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Kəmərli kənd Xanbağı
orta məktəbində birinci sinfə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi
xidmətə yola düşmüşdür. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid
olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il
tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun
adını daşıyır. Nəbiyev Vüqar Müzəffər oğlu
Nəbiyev
Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində
anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə birinci sinifə daxil olmuşdur.
1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet
ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə
gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət
etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı
ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və
bir oğlu var. Pənahov Rövşən Fərman oğlu Pənahov Rövşən Fərman oğlu 3
fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1982-1993-cü illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə
təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Fizuli rayonunun Aşağı
Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Məmmədov Ziyad Məhəmməd
oğlu Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçlər kəndində anadan olmuşdur. 1972-1980-ci
illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda
traktorçu-maşinist işləmişdir. 1993-cü
ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli
Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Böyük Cəfərli
kəndinin "Qaraçal” yüksəkliyi
uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Məhərrəmov Səhlədar
Süleyman oğlu Məhərrəmov Səhlədar Süleyman
oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5
fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları
tərəfindən silahla vurlmuşdur. Ağır güllə yarasından vəfat etmişdir. 1997-ci
ildən şəhid statusu verilmişdir. Bənnayev Ürfət Yolçu oğlu Bənnayev Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala
Çaylı (əvvəlki Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Kommuna kənd orta
məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu
sinfini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət Yolçu
oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür. Kazımova Xədicə İsmayıl qızı Kazımova Xədicə İsmayıl qızı
22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral
1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində şəhid
olmuşdur. Cəfərov Elşən İdris oğlu Cəfərov Elşən İdris oğlu 8 fevral 1971-ci ildə Qazax rayonunun Çaylı
kəndində anadan olmuşdur. 1977-ci il ildə Çaylı kənd 2 saylı tam orta məktəbin
birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin orta məktəbi bitirmişdir.
1989-1991-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Cəfərov
Elşən İdris oğlu 8 iyun 1992-ci ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən
döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Çaylı kənd 2
saylı tam orta məktəbə və bir bulağa şəhid Elşən Cəfərovun adı verilmişdir. Məmmədov Adil
Əhməd oğlu Məmmədov Adil Əhməd oğlu 13
oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində
anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam
orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbin onuncu
sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan
Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş
bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Facebook-da paylaş