• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kellecdə maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Dini işlər üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”, “Məişət zorakılığına qarşı mübarizə” mövzularında keçirilən maarifləndirmə tədbirləri bu il də davam etdirilir. Xüsusilə də narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.

Qeyd olunan mövzular ətrafında növbəti maarifləndirici tədbir fevralın 20-də Qazax Dövlət Sosial-İqtisadi Kellecdə təşkil olunub.

Kollecin Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli, Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili kapitan Bəhruz Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Muradov, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini, erkən nikahın fəsadlarını, bu sahədə həyata keçirilən mübarizə tədbirlərini tələbələrin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. C.Rüstəmov yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan natiq mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin imzaladığı 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib. C.Rüstəmov rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun, eləcə də Hüquq şöbəsinin Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək narkomaniya, erkən nikah və onların cəmiyyət üçün yaratdığı fəsadlardan, erkən nikaha daxil olma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından danışıb. Məişət zorakılığı və onun qorunma yolları, psixoloji dəstək, auditoriyaya antisosial mühitdən qorunmağın psixoloji yolları barədə geniş məlumat verib. 


K.Cəfərova ölkə Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb. Qeyd edib ki, zorakılıq, xüsusilə də məişət zorakılığı və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına cəmiyyət olaraq profilaktik tədbirlər görərək məişət zorakılığı kimi cinayət hadisələrinin qarşısını ala bilərik. 


Qazax Rayon Prokurorunun köməkçisi Aidə Nəzərli çıxış edərək ölkəmizin öz müstəqilliyinə qovuşduqdan sonra dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atıldığını bildirib. A.Nəzərli erkən nikah və onun fəsadları barədə məlumat verərək bu sahədə dövlət tərəfindən hüquqi baxımdan həyata keçirilən tədbirlərdən söz açıb. 


Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bildirib ki, narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır. Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.


Qazax Rayon Polis Şöbəsində Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili kapitan Bəhruz Zamanov çıxışında qeyd edib ki, narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir. Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir. Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Natiq narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyini, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Gələcəyimiz olan gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyətinin dini etiqad, vicdan azadlığının təmin edilməsi olduğunu qeyd edib. E.Allahverənov Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazasının formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyevin dinə və dindarlara qayğısından bəhs edən natiq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda, dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu söyləyib. 


Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva qonaqları salamlayıb, tələbələrlə keçirilən tədbirin əhəmiyyətindən söz açıb. E.Əfəndiyeva tələbələrlə maarifləndirici tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və iştirakçılara Kollecin rəhbərliyi adından dərin minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması, erkən nikah və məişət zorakılığı ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. E.Əfəndiyeva bugünkü maarifləndirici tədbirin tələbələrin həyatında öz təsirini göstərəcəyini bildirib və auditoriyanın məsul nümayəndələrə məntiqli suallarla müraciətini tədbirin onlara müsbət təsiri kimi qiymətləndirib.

Tədbirdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.




Facebook-da paylaş