BDU-nun Qazax filialında yaz imtahan sessiyası başlayıb
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İyun ayının 3-dən imtahanlara start verilib.
Filialda imtahanlar 16 ixtisas üzrə iki növbədə keçirilir. Yaz imtahan sessiyasında 1355 (əyani 1174, qiyabi 181) tələbə iştirak edir. Sessiya ərzində əyani təhsil üzrə tələbələr 61 qrupda 352, qiyabi təhsil üzrə isə 16 qrupda 76, ümumilikdə isə 428 imtahan verəcəkdir. Gün ərzində imtahanlarda orta hesabla 400-450 nəfər tələbə iştirak edir.
Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.
İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası formalaşdırılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.
Filialın direktoru, dosent Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır, tələbələrə valideynlərinin imtahanların gedişatını müşahidə etməyə dəvət edir.
Filialda eyni zamanda, 8 ixtisas üzrə 20 nəfər magistrant da imtahan verir. Sessiya ərzində magistrantlar 47 imtahan verəcəkdir.
BDU-nun Qazax filialında yaz imtahan sessiyası şəffaf və obyektiv keçir.
Sessiya iyul ayının 5-dək davam edəcəkdir.
Filialın Mətbuat Xidməti
Facebook-da paylaş