• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş anım tədbiri keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinə aid məlumatları özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.

Sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Filialın direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus və erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin baş verməsində əsas məqsəd azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da istəyinə nail ola bilmədi, xalqımız öz azadlığına qovuşdu.

Sonra faciəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edərək 20 Yanvar faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Filialın İctimai fənlər kafedrasının müəllimi İndira Vəliyeva, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Mustafa Mustafayev, Sosial iş ixtisası üzrə magistrant Nurlan Quliyev, Azərbaycan dili və ədəbiyyatı ixtisasının II kurs tələbəsi Nigar Mahmudova öz çıxışlarında 20 Yanvar faciəsindən 34 il ötməsinə baxmayaraq, bu qanlı tarixin hər birimizin yaddaşına əbədi həkk olunduğunu qeyd ediblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş